Bakı, 17 noyabr, AZƏRTAC Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi çəkisinin artırılması, müdafiə potensialının gücləndirilməsi və xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir.AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Rizvan Nəbiyev “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında səsləndirib.Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirib. Onun sözlərinə görə, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat vəsait ayrılması dövlətin müdafiə potensialının daha da gücləndirilməsinə xidmət edir. Bu, 2023-cü illə müqayisədə 2,9 milyard manat çoxdur.R.Nəbiyev Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasətinin strateji manevr imkanlarını genişləndirdiyini vurğulayıb. O, AQEM-də sədrliyin daha iki il uzadılmasını, 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə və İslam Əməkdaşlıq Təşkilatına sədrliyi, 2028-ci ildə isə MDB-yə sədrliyin nəzərdə tutulmasını ölkəmizin artan beynəlxalq nüfuzunun göstəriciləri kimi qiymətləndirib.Deputat, həmçinin Azərbaycanın 30 dövlətlə strateji tərəfdaşlıq münasibətləri qurduğunu, Böyük Yeddiliyin dörd üzvü – ABŞ, Almaniya, Böyük Britaniya və İtaliya ilə bu səviyyədə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.O, 2027-ci ilin dövlət büdcəsində beynəlxalq münasibətlər üzrə fəaliyyətin təmin edilməsi üçün 569,5 milyon manat vəsaitin proqnozlaşdırıldığını vurğulayıb.