FTB Trampın keçmiş səfiri barədə araşdırma aparır

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları ölkənin Yunanıstandakı keçmiş səfiri Kimberli Gilfoyla qarşı irəli sürülən ittihamları araşdırmaq üçün Afinaya gəliblər.

Bu barədə Yunanıstanın “Skai” telekanalı məlumat yayıb.

Məlumata görə, FTB əməkdaşları ötən həftədən Afinadadırlar. Araşdırma çərçivəsində keçmiş səfirə yaxın lobbiçi Xristos Marafatsosun fəaliyyəti, həmçinin Gilfoylun tikinti və energetika sahəsində fəaliyyət göstərən “Aktor” şirkətlər qrupu ilə əlaqələri və mümkün razılaşmaları öyrənilir.

Telekanal bildirir ki, ABŞ Konqresindəki demokratlar da Gilfoylun fəaliyyəti ilə bağlı araşdırma aparmağa hazırlaşırlar.

Konqresmen Robert Qarsiya keçmiş səfirə ünvanladığı məktubda onu vəzifədə olduğu müddətdə şəxsi maraqlar müqabilində maddi və digər imtiyazlar əldə etməsi ilə bağlı ittihamlara aid sənədləri qorumağa çağırıb.

İddialara əsasən, Gilfoyl Senatda səfir vəzifəsinə təsdiqlənməzdən əvvəl respublikaçıların donorlarından birindən Tramp administrasiyasının yüksəkvəzifəli rəsmiləri ilə əlaqə yaratmaq müqabilində 100 min dollar tələb edib. Razılaşma çərçivəsində əlavə 1 milyon dollar əldə etmək imkanının da nəzərdə tutulduğu bildirilir.

Demokratlar həmçinin keçmiş səfirin Balkan ölkələrinin hökumətlərinə müəyyən layihələrin “Aktor” qrupuna verilməsi üçün təzyiq göstərdiyini iddia edirlər.

Qeyd edək ki, Gilfoyl bir ildən az müddət çalışdıqdan sonra oktyabrda səfir vəzifəsindən ayrılıb. O, əvvəllər “Fox News” telekanalında işləyib və ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp kiçiklə nişanlı olub.

İttihamlar hələlik təsdiqini tapmayıb və FTB-nin araşdırmasının nəticələri açıqlanmayıb.