Naxçıvan, 19 noyabr, AZƏRTAC Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində “Açıq mikrofon” layihəsi çərçivəsində keçirilən görüşdə NDU-nun rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fazil Məmmədov tələbə və müəllim heyəti, eləcə də mədəniyyət ictimaiyyətinin nümayəndələri ilə bir araya gəlib.NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə qonaq İncəsənət fakültəsinin fəaliyyəti, tədris şəraiti və maddi-texniki bazası ilə tanış olub.Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvanda musiqi mədəniyyətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahənin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən və mədəniyyətə göstərdiyi dövlət qayğısından bəhs edib. Rektor qeyd edib ki, Naxçıvanın zəngin musiqi ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması ilə yanaşı, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların hazırlanması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ali təhsil və mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsi, tədris prosesinin praktiki fəaliyyətlə uzlaşdırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi vacibdir. Ölkənin müxtəlif bölgələrindən olan gənclərin Naxçıvan Dövlət Universitetini seçməsini ali məktəbə göstərilən etimadın ifadəsi kimi dəyərləndirən rektor universitetin bu istiqamətdə üzərinə düşən vəzifələri diqqətə çatdırıb. O, xüsusilə İncəsənət fakültəsində hazırlanan mütəxəssislərin gələcək fəaliyyətləri üçün müvafiq şəraitin yaradılmasının, universitet məzunlarının Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə işlə təmin olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, təhsil müəssisəsi ilə nazirlik arasında qurulan səmərəli əməkdaşlıq həm kadr hazırlığının keyfiyyətinə, həm də regionun mədəni həyatının inkişafına töhfə verə bilər. Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fazil Məmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı tarixi xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən işlərdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə reallaşdırılan mədəniyyət layihələrindən danışıb.Nazir müavini Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyəti, həyata keçirilən layihələr, mədəniyyət müəssisələrində informasiya texnologiyalarının tətbiqi və Mədəniyyət Konsepsiyasının icrası barədə məlumat verib. Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın genişləndirilməsinin, kadr hazırlığının və məzunların nazirlik sistemində məşğulluğunun təmin edilməsinin əsas prioritetlərdən olduğunu bildirib.Görüşdə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə muğam müsabiqəsinin keçirilməsi, Naxçıvanda Mədəniyyət Forumunun təşkili, eləcə də “Mədəniyyət könüllüləri” layihəsinə start verilməsi ilə bağlı planlar diqqətə çatdırılıb. İnteraktiv formatda davam edən görüşdə iştirakçıların sualları cavablandırılıb, təklif və təşəbbüsləri dinlənilib. Müxbir- Nail Əsgərov