Bakı, 18 noyabr, AZƏRTACTürkiyənin Marmara Universitetinin Türkiyyat Araşdırmaları İnstitutu Türkiyə-Azərbaycan münasibətlərinə həsr edilən müzakirə təşkil edib. AZƏRTAC xəbər verir ki, institutun elmi-tədqiqat heyəti qarşısında çıxış edən ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının təsisçi direktoru Şəfəq Mehrəliyeva iki ölkə arasında münasibətlərin son dövrünün mediada işıqlandırmasını təhlil edib. O bildirib ki, ikitərəfli münasibətlərin mətbuatdakı əksi ənənəvi olaraq mədəni və mənəvi yaxınlığa dair məzmuna, o cümlədən ortaq tarix, köklər, dil, mədəniyyət və starteji həmrəylik mövzularına arxalanıb. Bu ilin payızı Azərbaycanda təhsil ocalqarında tətbiq edilən daxili qaydaların Türkiyə mətbuatında gündəmə çevrilməsi ortaq mövzularımızı daha dərindən öyrənməyə ehtiyac olduğunu üzə çıxarıb. Medianın gündəm formalaşdırması kimi nüfuzu ilə yanaşı, onun maarifləndirmə gücündən də istifadə etmək lazımdır. Bu baxımdan həmrəylik, suverenlik, milli maraqlar və siyasi prioritetlər analyışlarımızdan qarşılıqlı gözləntilərimizi də əsaslı təhlil etməkdə fayda var. Şəfəq Mehrəliyeva əlavə edib ki, başlıqlar Türkiyə-Azərbaycan münasibətlərinin gerçəkliklərini əvəzləyə bilməz. Əlaqələrimizi təsvir edən “bir millət, iki dövlət” ifadəsi tək təsirli şüar deyil, həmçinin strateji müttəfiqliyin əsas xəttidir. Media gündəmində olan mövzulardan asılı olmayaraq, məhz bu yanaşma münasibətlərimizin başlanğıc və bitmə nöqtəsidir.