Xankəndi, 19 noyabr, AZƏRTAC Xankəndi şəhərində Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə Xankəndi şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən dövlət qurumlarını təmsil edən 15 komanda mübarizə aparıb. Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın final mərhələsində ANAMA FK ilə Xüsusi Təyinatlı Qüvvələrin komandası qarşılaşıb. Final oyunu ANAMA FK-nın qələbəsi ilə başa çatıb. Beləliklə, ANAMA FK turnirin qalibi adını qazanıb. Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd dövlət qurumları arasında əməkdaşlığın və komanda ruhunun gücləndirilməsi, eləcə də bölgədə idmanın və sağlam həyat tərzinin təşviq edilməsidir. Müxbir - Tahir Ağaməmmədov
Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub
Mənbə: azertag.az/xeber/xankendide_zefer_gunune_hesr_olunmus_mini_futbol_turnirine_yekun_vurulub-4515384