Kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə yaranan ilkin maliyyə ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə ölkədə ilk dəfə avans subsidiyası mexanizmi tətbiq edilir. Aqrar Subsidiya Şurasının 2027-ci il üzrə qərarına əsasən, müəyyən edilmiş meyarlara cavab verən fermerlər gözlənilən əkin subsidiyasının 30 faizini əkin işləri başa çatmadan əvvəl avans şəklində əldə edə biləcəklər. Avans subsidiyasına müraciət artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən mümkündür.

Avans subsidiyasından kimlər yararlana bilər?

Avans subsidiyası aşağıdakı meyarlara cavab verən kənd təsərrüfatı istehsalçılarına şamil olunur:

-Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilmiş siyahıya daxil olan (Çəltik, Qarğıdalı, Darı, Sorqo, Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), Günəbaxan, Kartof, Tərəvəz, Bostan bitkiləri) yazlıq və payızlıq birillik bitkiləri becərən istehsalçılar;

-EKTİS-də fermer reytinqi 30 baldan yüksək olan şəxslər;

-Ümumi əkin sahəsi 5 hektardan 100 hektaradək olub çıxarışı olan fermerlər;

-Torpaq sahəsi üzrə yalnız bir əkin bəyanı təqdim edən fermerlər.