Bakı, 17 noyabr, AZƏRTAC Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin xarici siyasətində və beynəlxalq əlaqələrinin inkişafında mühüm hadisədir. Noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni mərhələyə yüksəldilməsini nəzərdə tutur.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.Onun sözlərinə görə, bu hadisəyə, ilk növbədə, Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasətinin nəticəsi kimi yanaşmaq lazımdır. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və çoxşaxəli siyasət ölkəmizə dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan münasibətlər qurmaq imkanı yaradıb.“Bəyannamənin ən mühüm siyasi məqamlarından biri Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinin bir daha təsdiq edilməsidir. Ermənistanla münasibətlərin normallaşdırılması və 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin əhəmiyyətinin vurğulanması da Azərbaycanın regionda davamlı sülhün təmin olunmasına yönəlmiş siyasəti baxımından diqqətəlayiqdir”, - deyə deputat əlavə edib.Sənədin əhəmiyyətinin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını vurğulayan deputat bildirib ki, Bəyannamədə müdafiə və təhlükəsizlikdən tutmuş iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və innovasiyaya qədər geniş əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Xüsusilə Böyük Britaniya ilə 30 ildən artıq tarixə malik enerji əməkdaşlığının yeni istiqamətlər üzrə inkişaf etdirilməsi diqqətəlayiqdir. Azərbaycanın ənənəvi enerji sahəsində qazandığı mövqeyin bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və müasir texnologiyalarla tamamlanması iqtisadiyyatımızın şaxələndirilməsi baxımından yeni imkanlar yaradır.“Digər mühüm istiqamət Orta Dəhlizin inkişafıdır. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və artan tranzit imkanları ölkəmizi beynəlxalq ticarət və logistika sistemində mühüm tərəfdaşlardan birinə çevirir. Bu sahədə Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsi həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir.Bununla yanaşı, müdafiə sənayesi, sərhəd təhlükəsizliyi və hüquq-mühafizə sahələrində əməkdaşlığın nəzərdə tutulması müasir geosiyasi şəraitdə təhlükəsizlik məsələlərinin aktuallığını göstərir. Təhsil, süni intellekt, rəqəmsallaşma və innovasiya sahələrində əlaqələrin genişləndirilməsi isə gələcək inkişafımız üçün vacib olan insan kapitalının gücləndirilməsinə xidmət edəcək”, - deyə F.Yıldırım əlavə edib.Deputat, həmçinin Bəyannamənin Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, sənəd ölkəmizin milli maraqlarına əsaslanan, etibarlı və bərabərhüquqlu tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir. Bununla yanaşı, strateji tərəfdaşlığın real nəticələri Bəyannamədə müəyyənləşdirilən istiqamətlərin konkret layihələrə, investisiyalara və qarşılıqlı faydalı təşəbbüslərə çevrilməsindən asılı olacaq. Beləliklə, sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafına yeni dinamika gətirməklə yanaşı, ölkəmizin iqtisadi və siyasi imkanlarının genişlənməsinə də töhfə verəcək.