Bakı, 17 noyabr, AZƏRTAC Süni intellekt, avtomatlaşdırma və məlumatların təhlili poçt sektorunda əməliyyatların planlaşdırılması, göndəriş axınlarının idarə edilməsi və müştəri xidmətlərinin təkmilləşdirilməsi baxımından yeni imkanlar yaradır.Bu barədə AZƏRTAC-a müsahibəsində AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin müşaviri, Ümumdünya Poçt İttifaqının (ÜPİ) Rəqəmsal, Maliyyə və Ticarət İnklüzivliyi Qrupunun həmsədri Anar Məcidov bildirib. Ekspert qeyd edib ki, poçt sektoru ənənəvi çatdırılma xidmətləri ilə yanaşı, elektron ticarət, sərhədlərarası logistika, rəqəmsal həllər və maliyyə xidmətləri ilə daha sıx inteqrasiya olunur.Anar Məcidov bildirib ki, ÜPİ-nin Beynəlxalq Bürosu Vahid Məlumat Platforması əsasında poçt sektorunun ölkələr üzrə inkişafını təhlil etməyə və qərarların hazırlanmasına dəstək verməyə yönəlmiş süni intellekt agentinin pilot layihəsini hazırlayıb: “Texnologiyanın tətbiqi özü-özlüyündə uğur göstəricisi deyil. Əsas məsələ onun çatdırılmanın etibarlılığına, əməliyyatların səmərəliliyinə və müştəri rahatlığına verdiyi töhfədir”.O əlavə edib ki, beynəlxalq təcrübə “Azərpoçt” üçün xüsusilə logistika imkanlarının inkişafı, kiçik və orta sahibkarların xarici bazarlara çıxışının asanlaşdırılması və rəqəmsal xidmətlərin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Müxbir – Pərvanə Qafarova Fotoqraf – Orxan Kərimov