Məktəblərimizdə çatışmayan dərs: Empatiya │ Ülviyyə Lalənin yazısı

Sosial və emosional bacarıqlar dünyada təhsil sistemlərində kurikulumlara daxil edilir. Məsələn, Yeni Zelandiyanın milli kurikulumunda "özünü idarə etmək" və "başqaları ilə münasibət qurmaq" əsas səriştələr sırasındadır. Yaponiyanın bəzi məktəb təcrübələrində tolerantlıq, səbir və empatiya mənəvi tərbiyə çərçivəsində inkişaf etdirilir.

UNESCO da sosial və emosional öyrənmənin təhsil sistemlərinə inteqrasiyasını uzun müddətdir təşviq edir. Bu istiqamətin əsas ideyası ondan ibarətdir ki, uşağın şəxsiyyət kimi formalaşması akademik təhsildən ayrı düşünülə bilməz.

Bəzi ölkələrdə sosial-emosional öyrənmə şəxsiyyətin formalaşdırılması, məktəbdə zorakılığın qarşısının alınması, narkotik maddələrdən istifadənin profilaktikası, sağlam münasibətlərin qurulması və vətəndaşlıq tərbiyəsi kimi istiqamətləri birləşdirən geniş yanaşmaya çevrilib.

UNESCO-nun 2024-cü ildə yayımladığı SEL üzrə siyasət bələdçisi də bu yanaşmanın təhsil sisteminin bütün səviyyələrinə inteqrasiyasını tövsiyə edir.

Azərbaycan məktəblərinə nə lazımdır?

Mən hesab edirəm ki, Azərbaycanda məktəblərdə sosial və emosional təhsil ayrıca prioritetə çevrilməlidir. Hətta bu istiqamətdə mərhələli və sistemli milli proqram hazırlanmalıdır. Bu proqram çərçivəsində uşaqlara:

• Öz emosiyalarını tanımaq və idarə etmək;

• Qəzəb və aqressiya ilə sağlam şəkildə davranmaq;

• Empatiya və mərhəmət bacarıqlarını inkişaf etdirmək;

• Münaqişələri zorakılıqsız həll etmək;

• Başqasının şəxsi sərhədlərinə hörmət etmək;

• Kiberzorakılıq və bullinqin nəticələrini anlamaq;

• İzdiham və qrup təzyiqinə qarşı müstəqil qərar vermək;

• Başqasının hüquqlarına, ləyaqətinə və fərqliliklərinə hörmət etmək öyrədilməlidir.

Bu dərslər yalnız şagirdlər üçün nəzərdə tutulmamalıdır. Müəllimlər də emosional zəka və konfliktlərin idarə olunması üzrə təlim keçməlidirlər. Məktəb psixoloqlarının fəaliyyəti formal xarakter daşımamalı, məktəblərdə uşaqların emosional vəziyyətini izləyən, zorakılıq və bullinq hallarına vaxtında müdaxilə edən işlək mexanizmlər qurulmalıdır.

SEL sadəcə həftədə bir saat keçirilən nəzəri dərs də olmamalıdır. O, məktəbin gündəlik mədəniyyətinə çevrilməlidir. Müəllimin şagirdlə ünsiyyətindən tutmuş, uşaqların bir-birinə münasibətinə, münaqişələrin həllinə və məktəbin idarə olunmasına qədər hər yerdə özünü göstərməlidir. Çünki empatiya haqqında dərs keçib məktəbdə təhqirə, alçaltmağa və zorakılığa göz yummaq olmaz.

Təhsilin məqsədi yalnız savadlı insan yetişdirmək deyil. Bir məktəbli qızın intiharı bizə uşaqların psixoloji vəziyyətinə nə qədər həssas yanaşmalı olduğumuzu xatırladır. Jurnalistin məktəblilərin hücumuna məruz qalması isə zorakılığın, qrup aqressiyasının və məsuliyyətsizliyin hansı təhlükəli nəticələrə gətirib çıxara biləcəyini göstərir.

Bütün bunların fonunda özümüzə bir sual verməliyik: Biz hansı cəmiyyəti yetişdiririk?

İmtahandan yüksək bal toplayan, amma başqasının ağrısına gülən? Xarici dil bilən, amma fərqli düşünən insana dözümsüz yanaşan? Universitetə qəbul olan, amma münaqişəni yumruqla həll edən? Təhsil yalnız insanın beynini yox, şəxsiyyətini də formalaşdırmalıdır.

Bizim məktəblərə daha çox test, daha çox əzbər, daha çox qiymət qədər, bəlkə də bunlardan daha çox empatiya, emosional zəka, mərhəmət və sosial məsuliyyət lazımdır. Çünki savadlı olmaqla insan olmaq eyni şey deyil.

Və bəlkə də artıq məktəblərdə uşaqlara yalnız "necə uğur qazanmaq" sualının cavabını yox, "necə yaxşı insan olmaq" sualının cavabını da öyrətməyin vaxtıdır.