Bakı, 17 noyabr, AZƏRTAC Azərbaycanın Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafında rolu getdikcə genişlənir. Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Xəzər dənizi üzərindən inkişaf etdirilən yeni nəqliyyat-logistika bağlantıları ölkəmizin həm enerji təchizatında, həm də beynəlxalq yükdaşımalar sistemində mövqeyini gücləndirir. Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli ekspert Canip Nuray bildirib.Ekspertin sözlərinə görə, hazırda enerji təhlükəsizliyi, təchizat mənbələrinin və marşrutlarının şaxələndirilməsi, eləcə də nəqliyyat əlaqələrinin dayanıqlılığının təmin olunması Avropa ölkələrinin iqtisadi və strateji gündəliyində xüsusi yer tutur. “Bu baxımdan Azərbaycan yalnız enerji resurslarının ixracatçısı və tranzit ölkə kimi deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat-logistika qovşağı kimi çıxış edir. Cənub Qaz Dəhlizi Azərbaycanın enerji sahəsində həyata keçirdiyi strateji layihələrin əsas istiqamətlərindən biridir. Xəzər regionunun enerji resurslarının Avropa bazarlarına çatdırılmasını təmin edən bu layihə enerji təchizatının şaxələndirilməsinə, istehlakçı ölkələrin alternativ mənbələrə çıxış imkanlarının genişlənməsinə və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir. Cənub Qaz Dəhlizinin əhəmiyyəti yalnız enerji resurslarının nəqlindən ibarət deyil. Layihə eyni zamanda Azərbaycanla Avropa ölkələri arasında uzunmüddətli iqtisadi əməkdaşlığın, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın və investisiya əlaqələrinin inkişafına şərait yaradır”, - deyə Canip Nuray qeyd edib.Ekspert Orta Dəhlizin əhəmiyyətinə də toxunaraq bildirib ki, dəyişən qlobal iqtisadi şəraitdə Avropa ilə Asiya arasında alternativ, təhlükəsiz və səmərəli ticarət marşrutlarına tələbat artır: “Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu, dəmir yolları, avtomobil magistralları və Xəzər dənizində yerləşən liman imkanları Orta Dəhlizin fəaliyyətində ölkəmizin rolunu müəyyənləşdirən əsas amillərdəndir. Xəzər dənizi üzərindən yeni bağlantıların yaradılması və mövcud logistika imkanlarının genişləndirilməsi Azərbaycanın tranzit potensialından daha səmərəli istifadə etməyə şərait yaradır. Xəzər hövzəsi Şərqlə Qərb arasında nəqliyyat əlaqələrinin mühüm həlqəsi olmaqla yanaşı, region dövlətlərinin iqtisadi əməkdaşlığını da gücləndirir. Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş təşəbbüsləri ölkənin tranzit imkanlarını genişləndirir. Bu imkanlar yalnız Azərbaycan iqtisadiyyatı üçün deyil, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa ölkələri arasında ticarət əlaqələrinin inkişafı baxımından da əhəmiyyətlidir. Enerji resurslarının etibarlı şəkildə nəqli ilə yanaşı, malların və məhsulların beynəlxalq bazarlara çatdırılması üçün dayanıqlı logistika sisteminin mövcudluğu ölkələrin iqtisadi təhlükəsizliyinə və rəqabətqabiliyyətliliyinə müsbət təsir göstərir”.Ekspertin fikrincə, Dublində keçirilən sammitdə enerji təchizatı və bağlantı məsələlərinin diqqət mərkəzində olması Azərbaycanın bu istiqamətlərdə həyata keçirdiyi konkret layihələrin Avropa üçün strateji əhəmiyyətini göstərir.Canip Nurayın bildirib ki, Azərbaycanın coğrafi mövqeyi, mövcud infrastruktur imkanları və beynəlxalq əməkdaşlıq təcrübəsi ölkəmizin Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafında iştirakını daha da genişləndirmək üçün əlverişli zəmin yaradır.