UFC-nin yüngül çəkidə sabiq çempionu Aljemeyn Sterlinq Həbib Nurməhəmmədovun komandasına münasibətinin dəyişdiyini bildirib.
Amerikalı döyüşçü bu barədə Kalshi MMA-nın X sosial şəbəkəsindəki paylaşımına münasibət bildirərkən danışıb.
Sterlinqin narazılığı Həbib Nurməhəmmədovun BƏƏ-də baş verən insidentdən sonra komandası üzvlərinin, o cümlədən Usman Nurməhəmmədovun azadlığa çıxmasına nail olması ilə əlaqədardır.
“Görünür, orada hər şeyə məhz o rəhbərlik edir. 8-10 nəfərlik qrupla iki nəfərə hücum etməkdə nə kişilik, nə də qəhrəmanlıq var. Əvvəllər bu adamlara hörmət edirdim. Artıq bunu deyə bilmərəm”, – deyə Sterlinq bildirib.
Qeyd edək ki, hadisə noyabrın 10-da Əbu-Dabidə RAF liqasının media günü zamanı baş verib. Merab Dvalişvili müsahibə verərkən Usman Nurməhəmmədov bir neçə nəfərlə birlikdə ona yaxınlaşaraq hücum edib. Hadisənin görüntüləri sonradan sosial şəbəkələrdə yayılıb.
Noyabrın 13-də Həbib Nurməhəmmədov da daxil olmaqla insidentdə iştirak edən səkkiz nəfər BƏƏ-də saxlanılıb. Məhkəmə ictimai asayişi pozduqlarına və insanların həyatı üçün təhlükə yaratdıqlarına görə onlara böyük məbləğdə cərimələr tətbiq edib.
Noyabrın 16-da isə Həbibin yerli rəsmilərlə şəxsi danışıqlarından sonra Usmanın həbsdən azad edilməsinə nail olduğu barədə məlumat yayılıb.
İnsidentə münasibət bildirən UFC çempionu İslam Mahaçev Usmanın hərəkətlərini Dvalişvilinin daha əvvəl onun anasını təhqir etməsi ilə əlaqələndirib. Merab isə sonradan Nurməhəmmədovlarla barışmağa hazır olub-olmadığı barədə açıqlama verib.