Diplom kifayət etmir: Gənclər iş tapmaqda niyə çətinlik çəkirlər?…

Müasir əmək bazarında işəgötürənlər namizədlərin yalnız diplomuna və nəzəri biliklərinə deyil, həm də praktiki bacarıqlarına, ünsiyyət qabiliyyətinə, komandada işləmək və təşəbbüs göstərmək bacarığına diqqət yetirirlər. Bu baxımdan könüllülük fəaliyyəti gənclər üçün həm təcrübə qazanmaq, həm də peşəkar əlaqələr qurmaq imkanı yaradır.

Bəs könüllülük fəaliyyəti gənclərin əmək bazarına hazırlığında nə dərəcədə rol oynayır? Könüllü kimi qazanılan təcrübə işə qəbul zamanı üstünlük yaradırmı, yoxsa bu fəaliyyət daha çox şəxsi inkişaf və sosial məsuliyyət baxımından əhəmiyyət daşıyır? Gənclər könüllülük təcrübəsini real karyera üstünlüyünə çevirmək üçün nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib ki, əmək bazarı bu gün yüksək rəqabət tələb edən sahədir: “Nəzərə alsaq ki, hər il təqribən 110 min yeni işçi əmək bazarına daxil olur, bu da rəqabət mühitini göstərən əsas indikatorlardan biridir. Əlbəttə, gənclərin işlə təmin olunması məsələsi çox ciddi əhəmiyyət daşıyır. Çünki bu, bir çox baxımdan strateji məna kəsb edir. Gənclər işləməlidirlər ki, ailə qurmaq, öz mənzil məsələlərini həll etmək barədə düşünsünlər və eyni zamanda sağlam həyat tərzi yaşaya bilsinlər.

Müəssisələr bəzən gənclərdən iş təcrübəsi tələb edir. Əmək bazarına daxil olmaq istəyən universitet və kollec məzunlarının qarşısında duran ən böyük maneələrdən biri isə məhz iş təcrübəsinin olmamasıdır. Çox yaxşı olardı ki, müəssisələr təcrübə və könüllülük proqramlarında iştirak etmiş, o cümlədən istehsalat təcrübəsi keçmiş məzunları nəzərə alsınlar. Çünki istehsalat təcrübəsi o deməkdir ki, məzun artıq həmin müəssisədə müəyyən müddət fəaliyyət göstərib və qiymətləndirmə mərhələsindən keçib. Bu da müəssisəyə həmin məzunu işə götürmək üçün əsas verə bilər.

Hesab edirəm ki, müəssisələr bu məqamı nəzərə almalıdır. Könüllülük, təcrübə və istehsalat proqramları gənclərə müəssisələrdə işləmək üçün kifayət qədər bacarıq, səriştə və bilik qazandırır. Çünki onlar birbaşa bu prosesin müşahidəçisinə və canlı iştirakçısına çevrilirlər.

Sadəcə, yaxşı olardı ki, təcrübə proqramlarının sayı artırılsın. Bu proqramlar təkcə təhsilli gəncləri deyil, təhsildən kənarda qalan gəncləri də əhatə etməlidir. Belə ki, NEET (təhsildən, məşğulluqdan və peşə təlimindən kənarda qalan gənclər) göstəricilərinə əsasən, Azərbaycanda işləməyən və təhsildən kənarda qalan 15-24 yaşlı şəxslərin sayı təqribən 23 faizdir. “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda da qeyd olunduğu kimi, 2030-cu ilədək bu göstəricinin 15 faizə endirilməsi nəzərdə tutulub. Bunun üçün gənclərin peşə hazırlığına, müxtəlif sahələr üzrə kurs və təlimlərə cəlb olunması, əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsi zəruridir. Bu baxımdan könüllülük və təcrübə proqramlarının sayının artırılması vacibdir”.

Ü.Şəfiyev qeyd edib ki, ali təhsil müəssisələrində, orta ixtisas məktəblərində, kolleclərdə və peşə məktəblərində praktiki məşğələlərin daha erkən kurslardan, hətta ikinci kursdan başlanması yaxşı olardı: “Çünki müasir əmək bazarı daha çox praktiki bilik və səriştələr tələb edir. Xarici ölkələrdə də praktiki biliklərə daha çox üstünlük verildiyindən gənclər keyfiyyətli təhsil almaq üçün xaricə üz tuturlar.

Fikrimcə, bu təcrübəni ölkəmizdə də tətbiq etmək lazımdır ki, əmək bazarına daxil olan işçilər rəqabətə davamlı olsunlar və bazarın tələblərinə cavab versinlər.

Əmək bazarının öyrənilməsi də vacibdir. Bu istiqamətdə dövlət başçısı tərəfindən mühüm addım atılıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Milli Observatoriya yaradılıb.

Milli Observatoriya öz fəaliyyətini genişləndirməli, əmək bazarını daha dərindən öyrənməli, müəssisələr və təhsil müəssisələri ilə koordinasiyalı şəkildə çalışmalıdır ki, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı təmin olunsun.

Bütün bunlar gənclər arasında işsizlik səviyyəsinin aşağı salınmasına xidmət etməlidir. Bu gün Azərbaycanda ümumi işsizlik səviyyəsi 5,2 faiz olduğu halda, gənclər arasında işsizlik 8,4 faizdir.

Çalışmaq lazımdır ki, gənclərin məşğulluğunun artırılması və onların əmək bazarının tələblərinə uyğun hazırlanması istiqamətində tədbirlər paralel şəkildə həyata keçirilsin”.

Nailə Qasımova,

Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.