“Legion Financial”ın səhmdarları istiqraz buraxılışını müzakirə edəcəklər

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin səhmdarları noyabrın 20-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda kütləvi təklif üsulu ilə istiqraz buraxılması məsələsinə baxacaqlar.

Yığıncaq saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 25A ünvanında keçiriləcək. Şirkətin elanında istiqraz buraxılışının həcmi, faiz dərəcəsi və tədavül müddəti açıqlanmayıb.

Şirkətin yarımillik xalis mənfəəti 36% azalıb

Banker.az-ın 30 oktyabr tarixində verdiyi məlumata görə, “Legion Financial”ın 2026-cı ilin ilk yarısında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 733 min manatdan 470 min manata düşüb. Bu dövrdə faiz gəlirləri 29% artaraq 2 milyon 270 min manata, faiz xərcləri isə 43% artaraq 1 milyon 90 min manata çatıb. İnzibati xərclər 154 min manatdan 651 min manata yüksəlib.

Xatırladaq ki, “Legion Financial” 2020-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 4 mln 130 min manatdır. Səhmlərin 37,53%-i Turan İsmayılova, 32,69%-i Ramin Süleymanlıya, 13,32%-i Böyükağa Məmmədova, 10,17%-i Rövşən Sultanova, 6,29%-i isə Belarus vətəndaşı Kolas Konstantinə məxsusdur.