Gələn il nə qədər insanın maaşı artırılacaq? - Deputatdan AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca əməkhaqlarının artırılması məsələsi yenidən diqqət mərkəzinə gəlir. Gündəlik xərclər fonunda çalışanları maraqlandıran əsas məsələlərdən biri gələn il maaşlarında artım olub-olmayacağıdır. Mümkün artımın dövlət və özəl sektorda çalışanları necə əhatə edəcəyi də maraq doğurur.

Bəs 2027-ci ildə Azərbaycanda hansı sahələrdə çalışanların maaşlarının artması gözlənilir? Əməkhaqlarındakı artım nə qədər ola bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, 2027-ci ildə minimum əməkhaqqının artırılması nəzərdə tutulur:

“Minimum əməkhaqqındakı artım həm dövlət, həm də özəl sektoru əhatə edəcək. Gələn il üçün müəyyən ediləcək minimum əməkhaqqından aşağı əməkhaqqı ödənilməsinə qanunla yol verilməyəcək. Minimum əməkhaqqının artırılması vahid tarif cədvəli üzrə maaş alan vətəndaşların əməkhaqlarına da təsir göstərəcək”.

Deputat qeyd edib ki, Prezident minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul etdikdən sonra Nazirlər Kabineti dövlət qurumlarında çalışan, dövlət qulluqçusu statusu daşımayan işçilərin vəzifə maaşlarının uyğunlaşdırılması barədə qərar qəbul edəcək:

“Həmin qərara əsasən, vəzifə maaşları minimum əməkhaqqının artım faizi nəzərə alınmaqla artırılacaq. Minimum əməkhaqqındakı artım 700 mindən çox vətəndaşın məvacibinin yüksəlməsinə səbəb olacaq. Artım minimum əməkhaqqı alan vətəndaşlarla yanaşı, dövlət müəssisələrində çalışan, dövlət qulluqçusu statusu daşımayan və Vahid Tarif Cədvəli üzrə maaş alan işçiləri də əhatə edəcək”.

V.Bayramovun sözlərinə görə, artım faizi hökumətdə aparılan müzakirələr başa çatdıqdan sonra müəyyənləşəcək və müvafiq sənəd Prezident tərəfindən imzalandıqdan sonra ictimaiyyətə açıqlanacaq:

“Əməkhaqqı artımının hansı sahələri əhatə edəcəyi aidiyyəti qurumların qiymətləndirmələri və fiskal imkanlar nəzərə alınmaqla müəyyənləşdiriləcək. 2026-cı ildə dövlət qulluqçularının, tibb işçilərinin və hərbi qulluqçuların əməkhaqları da artırılıb. Bu, həmin sahələrdə əməkhaqqı artımlarının 2027-ci ildə də davam edəcəyini göstərir”.