Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Qeyri-Hökumət Təşkilatları Forumu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib. Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri və rəhbər müavini, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri və nümayəndəsi iştirak ediblər. Memorandumun əsas məqsədi Dövlət Proqramının icrası çərçivəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, ictimai maarifləndirmə və profilaktika işinin genişləndirilməsi, antinarkotik təbliğatın səmərəliliyinin artırılması, qeyri-hökumət təşkilatlarının və digər vətəndaş cəmiyyəti institutlarının tədbirlərin icrasına cəlb olunmasıdır. Həmçinin sosial şəbəkələrdə antinarkotik təbliğatın effektivliyinin artırılması, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsidir. Nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsinin və həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə tərəflərin qurumları üzrə əlaqələndirici şəxsləri təyin olunub.