Bakı, 16 noyabr, AZƏRTAC AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarında qorunan nadir eksponatlarla tanış edən “Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsini davam etdirir.Bu dəfə söhbət Azərbaycan Tibb Universitetinin Anatomiya Muzeyində qorunan insan mumiyalarından gedir. Onlar universitetin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Dayaq-hərəkət aparatı” tədris muzeyində, iri şüşəli şkafda saxlanılır və muzeyin ən qədim eksponatları sırasındadır.Muzey Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının binasında yerləşir. Universitetin AZƏRTAC-a təqdim etdiyi materialda bildirilir ki, burada qorunan nümunələr 107 illik tarixə malik kafedranın elmi nailiyyətlərindəndir.Mumiyalama insan və ya heyvan cəsədlərinin təbii və ya süni üsullarla çürümədən qorunması prosesidir. Bu ənənənin tarixi qədim dövrlərə gedib çıxır. Qədim Misirdə mumiyalama yüksək inkişaf səviyyəsinə çatmışdı. Proses, əsasən, daxili orqanların çıxarılması, bədənin natron duzu ilə qurudulması və kətan parçalarla sarınması mərhələlərindən ibarət idi.Azərbaycanın müasir elmi anatomiya məktəbinin banisi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski bildirib ki, muzeydə saxlanılan mumiyalardan birini 1925-ci ildə professor K. N. Malinovski hazırlayıb. Digər mumiyalar isə 1937-ci ildə bolşeviklərin dinə qarşı mübarizə kampaniyası zamanı dağıdılmış kilsənin zirzəmisində tapılıb.Mumiyaların öyrənilməsi müasir dövrdə də elmi əhəmiyyət daşıyır. Onlar arxeologiya və antropologiya üçün mühüm mənbədir. Kompüter tomoqrafiyası kimi texnologiyalar sayəsində mumiyaların daxili quruluşunu onlara zərər vermədən araşdırmaq mümkündür. Bu tədqiqatlar qədim insanların xəstəlikləri, qidalanması və həyat tərzi haqqında məlumat əldə etməyə imkan verir.Beləliklə, mumiyalama müxtəlif mədəniyyətlərdə fərqli məqsədlərlə tətbiq olunub və zamanla inkişaf edib. Bu ənənənin ən mükəmməl forması Qədim Misirdə yaransa da, digər ölkələrdə, o cümlədən Azərbaycanda da mumiyalamanın müxtəlif nümunələri mövcud olub. Müxbir – Günel Alıyeva