Dünyanın aparıcı bankları Azərbaycana cəlb edilməlidir.
Bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq maliyyə əməliyyatlarının, eləcə də regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkədə fəaliyyət göstərməsi üçün imkanlar yaradır: "Hazırda Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən müəssisələrin sayı 65,5 mini ötüb. Ölkədə xarici markalı avtomobillərin istehsal olunduğu müəssisədə 1 300-dən artıq insan çalışır, ötən il orada 52 mindən çox avtomobil istehsal edilib. Bundan başqa, Çinin aparıcı elektromobil istehsalçısı ilə əməkdaşlıq həyata keçirilir".
"Özbəkistanda da xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayı 22 mini ötüb. Daşkənddə sənaye sektorunda 4 mindən, informasiya-kommunikasiya texnologiyaları sahəsində isə 1 800-dən artıq xarici kapitallı müəssisə fəaliyyət göstərir. ABŞ-nin "J.P. Morgan", "Citibank", Almaniyanın "Commerzbank" kimi nüfuzlu maliyyə institutlarının da Daşkənddə nümayəndəlikləri mövcuddur. Təklif edirik ki, dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iştirakının təmin edilməsi məqsədilə hökumət ayrıca fəaliyyət proqramı hazırlasın. Bu məqsədə nail olmaq üçün vergi və gömrük qanunvericiliyi ilə yanaşı, mülkiyyət hüquqlarının qorunması, maliyyə xidmətlərinin rəqabətqabiliyyətliliyi və işgüzar mühitin proqnozlaşdırıla bilən olması da mühüm əhəmiyyət daşıyır", - deyə deputat əlavə edib.