Ukraynada müharibənin atəşkəsdən başlayan həlli – torpaq güzəşti, NATO-ya üzvlük avantürası

Ötən həftə – noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukraynada sülh və Avropanın təhlükəsizlik məsələləri ilə bağlı Kiyev və Moskva təmsilçiləri ilə müzakirələr aparıb.

Bu danışıqların nəticəsi kimi əsirlərin mübadiləsini ən uğurlu, real hadisə saymaq olar. Bu şərt əvvəlki danışıqlarda da qəbul olunmuş və həyata keçirilmişdi.

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında ikigünlük üçtərəfli görüşdə tərəflər əsir mübadiləsi ilə yanaşı, energetika məsələləri, Qara dəniz də daxil gələcək təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. Lakin həmin danışıqlardan sonra energetika obyektlərinin vurulması, Qara dənizdə gəmilərə hücum davam edib.

Bu görüşdə Ukraynaya Donbası Rusiyaya güzəştə getməsi qarşılığında NATO-ya üzv qəbul ediləcəyi vəd olunub.

Donbas ərazisinin adı "Donetsk kömür hövzəsi" anlamındadır. Bu, geniş mənada bütün kömür hasilatı rayonlarını əhatə edir. Ora Donetsk vilayətinin şimal hissəsi, Luqansk vilayətinin cənub hissəsi, Dnepropetrovsk vilayətinin şərq-qərb hissəsi daxildir. Donbas regionunun ümumi sahəsi (Donetsk vilayəti 26 517 km², Luqansk vilayəti 26 684 km²) 53 201 km²-dir. Ukrayna isə ərazisinə görə (603 548 km²) Avropanın ən böyük ikinci ölkəsidir.

Hazırda "Donetsk kömür hövzəsi"i, demək olar ki, Rusiyanın işğalı altındadır.

Ukrayna Prezidenti Volodimir Zelenski konkret təhlükəsizlik zəmanətlərinin təmin edilməsi halında məsələni xalq səsverməsinə, referenduma çıxara biləcəyini açıqlayıb. ABŞ-nin bu istiqamətdə ismarışları qarşılığında Rusiyanın şərtləri dəyişməyib. Məlumatlara əsasən, RF ABŞ və Ukraynaya NATO-ya qarşı tələbləri əks etdirən qeyri-rəsmi sənəd təqdim edib. Moskva bununla 2021-ci ilin sonunda irəli sürdüyü şərtləri yenidən irəli sürüb:

- NATO-nun qoşunlarını və hərbi bazalarını Alyansın Şərqə genişlənməsindən əvvəl tutduğu 1997-ci ildəki mövqelərinə çəkməsi tələbi, yaxud Alyansın Polşa və Baltik ölkələrindəki hərbi mövcudluğunun ləğvi;

- NATO-nun genişlənmədən imtina etməsi, onun Ukrayna, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada istənilən hərbi fəaliyyətini dayandırması;

- NATO-nun nüvə silahının birgə istifadəsi sazişlərindən imtinası, ABŞ-nin nüvə silahını Avropada yerləşdirilməsini dayandırması;

- Ukraynaya istənilən növ Qərb silahı, hərbi texnika və məhsulların tədarükünün tam danayandırılması;

- Ukrayna NATO-dan imtina edəcəyi halda Rusiya onun Avropa İttifaqına (Aİ) daxil olmasına razılıq verə bilər və s.

Rusiyanın şərtləri dəyişmədiyi kimi, Ukraynanın təhlükəsizlik tələbi də qüvvədədir. Kiyevin bu tələbini 1994-cü il dekabrın 5-də təmin etmək üçün Budapeştdə Ukrayna, ABŞ, Böyük Britaniya və Rusiya arasında Memorandum imzalanıb. O zaman Ukrayna təhlükəsizlik təminatları qarşılığında dünyanın üçüncü ən böyük nüvə arsenalından, təxminən 1900 strateji və minlərlə taktiki atom başlığından imtina etmişdi. Razılaşmaya əsasən, Ukrayna nüvə silahlarını ləğv etməyi və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) qeyri-nüvə dövləti kimi qoşulmağı öhdəsinə götürmüşdü.

Kiyev 1700–1900 strateji nüvə başlığını və 2500-dən çox taktiki nüvə silahını 1996-cı ilin iyun ayına qədər tamamilə RF-yə təhvil vermişdi. Bundan başqa, ölkə ərazisindəki 176 qitələrarası ballistik raket və 44 strateji bombardmançı təyyarə məhv edilmiş, yaxud Moskvaya təhvil verilmişdi.

ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmət etmək, güc tətbiqindən çəkinmək və ya güclə hədələməmək, onu öz maraqlarına tabe etmək üçün iqtisadi məcburiyyət vasitələrindən istifadə etməmək, Ukrayna nüvə silahı ilə təhdid olunarsa və ya hücuma məruz qalarsa, BMT Təhlükəsizlik Şurasının dərhal hərəkətə keçməsinə nail olmaq kimi məsələləri təmin edəcəklərini vəd edirdilər.

Ancaq bu memorandumun imzalanmasının təxminən 20-ci ilində Rusiya Krımı ilhaq etdi, 2022-ci ildə isə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Bununla dünyanın üç nəhəng dövlətinin üzərinə götürdüyü öhdəlik pozuldu.

Bu gün Rusiya və Ukraynaya edilən təkliflər təzadlı sayılır. Çünki torpaq güzəşti qarşılığında Ukrayna NATO-ya qəbul edilirsə, o zaman RF-nin də NATO ilə bağlı şərtləri var, nəticə necə olacaq? Odur ki, bir tərəfdən Ukraynanın Alyansa qəbul edilməsi, o biri tərəfdən də RF-nin bu hərbi təşkilatla bağlı şərtlərinin eyni zamanda ödənilməsi mümkünsüzdür.

Yeri gəlmişkən, ABŞ hərbçilərinin daimi yerləşdirilməsi üçün Polşada bazanın tikintisi təsdiqlənib. Yekun qərar dekabrın əvvəlində Ağ Ev tərəfindən qəbul ediləcək. Bildirilib ki, Polşa təkcə NATO-nun şərq cinahında deyil, Avropa təhlükəsizliyində lider kimi rol oynayır. Elə bu fakt Rusiyanın NATO ilə bağlı arzularının üstündən xətt çəkməyə əsas verir.

Bir sıra Avropa ölkələri RF-nin tələblərini qəbuledilməz adlandırıb.

Odur ki, Ukraynaya edilən bu kimi təkliflər daha çox avantüra təsiri bağışlayır. Çünki Kiyev torpaq itkisi ilə razılaşsaydı, o zaman niyə Rusiya ilə bərabər olmayan müharibəyə girişirdi? Ukraynanın bu savaşda əsas qayəsi torpaqlarının işğalı faktı ilə barışmamaqdır.

Avropa İttifaqı bu sövdələşmədə iştirak etmir. Çünki İttifaq rəsmiləri əvvəldən RF ilə danışıqları perspektivsiz sayırlar. Aİ rəsmiləri bildiriblər ki, Rusiya siyasi mühitində Avropa ölkələri tez-tez ABŞ ilə dialoqa yönəlmiş iştirakçılar kimi qəbul edildiyindən onların mövcud şəraitdə Moskva ilə birbaşa danışıqları mümkünsüzdür. Eyni zamanda, RF-də də hesab edirlər ki, Avropa ilə danışıqlar "ən yaxşı halda mənasızdır". Onların qənaətincə, Avropa yanaşmaları sərt şərtlərə əsaslanır, ona görə də kompromis axtarışında deyillər.

Bu günlərdə isə Avropa Siyasi Birliyi çərçivəsində Dublində bir araya gələn Aİ liderləri sülh danışıqlarında qitənin birbaşa təmsil edilməsi üçün hərəkətə keçiblər. Zirvədə Avropa İttifaqını qurumları ilə yanaşı, Almaniya, Fransa, İngiltərə, İtaliya və Polşanın təmsil etməsi qərara alınıb. Bununla da ehtimal edilir ki, müharibənin dayandırılmasına yönəlmiş görüşlərdə Avropanın da birbaşa söz sahibi olması hədəflənir. Bu da təbiidir. Çünki Ukrayna məsələsi daha çox Avropa qitəsinin, Avropa İttifaqının təhlükəsizliyidir. Ona görə də müharibənin bitməsi, irəli sürülən şərtlər və onların qəbulu məsələlərində Aİ-nin əsas aktor olaraq iştirakı vacibdir.

Müharibənin bitməsi istiqamətində tərəflərin atacağı ilk addım atəşkəs rejiminin tətbiqidir. Moskvanın bu istiqamətdə başlıca şərti Donbas və Krımın RF ərazisi olaraq tanınmasıdır. Kiyev isə həmin ərazilərdən imtina edənə oxşamır. Belə bir şəraitdə hər iki tərəf döyüşəcəyini nümayiş etdirir. Diplomatik danışıqları isə bu kimi qarşıdurmalar üçün ənənəvi hal da saymaq olar.

Atəşkəs Moskva və Kiyevin sülhə, qarşılıqlı kompromisə hazır olduğunun vacib elementi ola bilər. Bu, tərəflər arasında qarşılıqlı inamın yaranmasına təsir göstərər.

Noyabrın 19-da Almaniyanın Berlin şəhərində əsasən 37 Avropa ölkəsinin daxil olduğu "İstəklilərin koalisiyası"nın görüşünə hazırlıq görülür. Onlar əsasən Ukraynanın RF-nin genişmiqyaslı işğalını dəf etməsində hərbi yardım göstərən ölkələrdir. Paralel olaraq həmin gün ABŞ, ÇXR və RF liderlərinin də Çində toplantısının keçirilməsi nəzərdə tutulub.

Bu iki toplantı Ukraynadakı müharibəni dayandıracaqmı? Onların nəticəsində atəşkəsə nail olunarsa, bunu münaqişənin həlli istiqamətində beynəlxalq ictimaiyyətin uğurlu addımı saymaq olar. Bu rejim əldə olunmadan torpaq güzəşti və Alyans üzvlüyü kimi təkliflər tərəfləri qıcıqlandırar. Döyüşən tərəflər, müharibənin getdiyi bir zamanda belə məsləhətlər münaqişəni tezbazar həll etmək cəhdidir. Atəşkəsi həll etmədən güzəşt və üzvlük məsələsi problemin həllini uzatmaq cəhdinə oxşayır...