Ölkədə dollara maraq azalıb — Rəsmi

Azərbaycanın valyuta ehtiyatları 15,4 milyard ABŞ dollarına çatıb və ölkə tarixində ən yüksək göstərici qeydə alınıb.

Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə bazarındakı son vəziyyəti açıqlayıb. Sədrin sözlərinə görə, cari ilin 10 ayı ərzində qurumun ehtiyatları 34 faiz, yəni 3,9 milyard dollar artıb.

Eyni zamanda həm nağd, həm də qeyri-nağd valyuta bazarında təklif tələbi kəskin üstələyir. Vətəndaşların milli valyutaya və bank sektoruna inamı güclənir. Bu amillərin təsiri ilə ölkədə dollarlaşma səviyyəsi illik müqayisədə 3,3 faiz bəndi enərək 25,2 faizə düşüb.

Qeyd edək ki, 2021-ci ilin sonu ilə müqayisədə dollarlaşma göstəricisi 15,4 faiz azalıb və bu rəqəm tarixi minimum hesab olunur.

Yəni bazarda dollar bolluğu müşahidə edilir, əhali əmanətlərini daha çox manatla saxlamağa üstünlük verir.