Taylandda balıqçılar Mekonq çayından bədənində qeyri-adi yaralar, qabarcıqlar və törəmələr olan yayın balıqları tutublar. Xarici görünüşünə görə bu balıqlar yerli sakinlər tərəfindən “zombi balıqlar” adlandırılıb.
“South China Morning Post” (SCMP) nəşrinin məlumatına istinadla, ekoloji fəal Aombun Tipsuna balıqlarda müşahidə olunan dəyişikliklərin çayın çirklənməsi ilə bağlı ola biləcəyini ehtimal edir. Onun fikrincə, çayın yuxarı axarında aparılan mədən işləri nəticəsində suya arsen və digər ağır metallar qarışa bilər.
Fəal sosial şəbəkələrdə deformasiyaya uğramış balıqların fotolarını da paylaşıb.
Onun sözlərinə görə, yerli balıqçılar belə anormal görünüşlü balıqlara hələ 2020-ci illərin əvvəllərindən rast gəlirlər. Təxminən 2023-cü ildən etibarən çayda ağır metalların konsentrasiyasında artım qeydə alınıb. 2024–2026-cı illərdə isə suda arsenin miqdarının normadan 3–4 dəfə artıq olduğu bildirilir.
Ekoloqlar xəbərdarlıq edirlər ki, mövcud vəziyyət dəyişməzsə, region ciddi ekoloji fəlakətlə üzləşə bilər.
Qeyd edək ki, Mekonq çayı Çin, Myanma, Laos, Tayland, Kamboca və Vyetnam olmaqla altı ölkənin ərazisindən keçir. Dünyanın ən sıx məskunlaşmış regionlarından birində milyonlarla insanın həyatında mühüm rol oynayan bu çay həm də kənd təsərrüfatı və balıqçılıq üçün əsas su mənbələrindən biridir.
//Gülnarə Abasova, Editor.az