Anar Əliyev: İşsizlikdən sığorta ödənişi üzrə 36,0 milyon manat vəsait nəzərdə tutulur

"İşsiz və işaxtaran şəxslərin sosial müdafiəsi, aktiv məşğulluq tədbirlərinin təşkili istiqamətində işsizlikdən sığorta fondu vasitəsilə geniş tədbirlər həyata keçirilir. Belə ki, 2027-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri 268,9 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8% çoxdur".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, işsizlikdən sığorta fondunun gəlirləri işsizlikdən sığorta haqları hesabına formalaşır: “2026-cı ilin təsdiq edilmiş göstəricisinə nisbətdə 2027-ci il üçün sığorta haqları üzrə daxilolma 30,6 milyon manat və ya 12,9% çox proqnoz edilib.

Sığorta haqları üzrə yığımın 77,7%-i qeyri-büdcə sektorunun payına düşəcəkdir.

Fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 50,3 milyon manat məbləğində vəsaitin 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur.

Fondun 2027-ci il üzrə xərclərinin 319,2 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8% çoxdur.

2027-ci ildə işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. O cümlədən, 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır.

Əlavə olaraq, 2027-ci il ərzində 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır.

2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə işsizlikdən sığorta fondunun xərclərinin 61%-nin və ya 194,2 milyon manatının yönəldilməsi proqnoz edilir, o cümlədən, işsizlikdən sığorta ödənişi üzrə 36,0 milyon manat vəsait nəzərdə tutulur”.