Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) innovasiya sahəsində fəaliyyət göstərmək üçün yaratdığı “SOCAR İnnovasiya” MMC-nin nizamnamə kapitalı 1 000 manatdan 1 001 000 manata çatdırılıb.
Şirkətin kapitalına əlavə 1 milyon manat yönəldilib.
“SOCAR İnnovasiya” 2026-cı ilin iyununda təsis edilib. Şirkət SOCAR-ın korporativ innovasiya, startapların inkişafı, inkubasiya və akselerasiya proqramları, vençur tərəfdaşlıqları və innovativ həllərin kommersiyalaşdırılması istiqamətində fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə yaradılıb.
Şirkətin rəhbəri Teymur Əliyevdir. O, eyni zamanda SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəisi vəzifəsini tutur.
Teymur Əliyevin açıqlamasına görə, SOCAR-ın ilk daxili innovasiya proqramına üç ay ərzində 240-dan çox müraciət və ideya daxil olub. Həmçinin şirkət daxilində formalaşmış səkkiz startapın müstəqil müəssisə kimi fəaliyyət göstərməyə hazır olduğu bildirilib.
SOCAR innovasiya proqramları çərçivəsində rəqəmsal texnologiyaların tətbiqi, istehsal proseslərinin səmərəliliyinin artırılması və yeni biznes təşəbbüslərinin inkişaf etdirilməsini hədəfləyir.