Bakı, 17 noyabr, AZƏRTAC Hazırda Avropa İttifaqı çərçivəsindən kənarda, Avropa qitəsinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən siyasi, hərbi, iqtisadi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycan əsas açar ölkələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycanın “Avropa Siyasi Birliyi”nin (ASB) sammitlərində iştirakı bu platformanın əhəmiyyətini artırır, müzakirə olunan məsələlərə əlavə dəyər qazandırır. Azərbaycanın iştirakı Avropanın siyasi, hərbi, enerji və iqtisadi təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.Onun sözlərinə görə, hazırda Avropa İttifaqının güc mərkəzi kimi zəifləməsi fonunda quruma üzv olan 27 ölkənin yaxın coğrafiyalarda tərəfdaşlar axtarması və bu tərəfdaşlar sırasında Azərbaycanın xüsusi yer tutması mühüm reallığı ortaya qoyur. Avropa dövlətləri ümumavropa məsələlərinin həllində, vahid Avropa siyasətinin və gündəliyinin formalaşdırılmasında, eləcə də qitənin təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın iştirakı olmadan istənilən nəticəyə nail olmağın çətinliyini yaxşı anlayırlar. Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasında mühüm tərəfdaşdır “ASB-nin dörd il əvvəl fəaliyyətə başlamasından etibarən bütün sammitlərinə Azərbaycanı dəvət etməsi Prezident İlham Əliyevin liderlik qabiliyyətlərini qəbul edərək bu imkanlardan yararlanmağa çalışması, Azərbaycanın iqtisadi, siyasi və enerji təhlükəsizliyi potensialını nəzərə alması mövcud reallığın göstəricisidir. Azərbaycan Aİ-nın üzvü olmasa da, qurumun 10 üzv ölkəsinə neft və qaz ixrac edir və həmin dövlətlərlə strateji əməkdaşlıq münasibətlərinə malikdir. Təkcə Aİ ilə deyil, ASB çərçivəsində də ölkəmizin tərəfdaşlıq əlaqələri mühüm əhəmiyyət daşıyır. Bir neçə il əvvəl Azərbaycanla Böyük Britaniya arasında strateji əhəmiyyətli birgə bəyanatın imzalanması ölkəmizin artıq Avropa qitəsində əsas aktorlardan birinə çevrildiyini təsdiqləyib. Avropa öz təhlükəsizliyini təmin etmək üçün yaxınlığında yerləşən güclü tərəfdaşlarla münasibətlərini möhkəmləndirməyə çalışır. Avropa institutlarının bəzi destruktiv dairələrini kənara qoysaq, Aİ-nın bütövlükdə bir struktur kimi və Brüssel bürokratiyası səviyyəsində Azərbaycanın və Prezident İlham Əliyevin iştirakının Avropanın inkişaf perspektivləri üçün nə qədər vacib olduğunu anladığını görmək mümkündür. Bu əməkdaşlıq Avropa üçün Azərbaycan vasitəsilə zəngin resurslara malik Cənubi Qafqaza, Xəzər hövzəsinə və Mərkəzi Asiyaya çıxış imkanı yaradır. Asiya ilə Avropanı birləşdirən geniş coğrafiyaya nəzər saldıqda, hazırda yalnız Cənubi Qafqazdan, xüsusilə Azərbaycandan keçən marşrutların sabit və təhlükəsiz olduğunu görmək mümkündür. Asiya ilə Avropanı birləşdirən digər coğrafiyalarda isə müharibələr və ciddi böhranlar yaşanır. Şimal istiqamətində Rusiya-Ukrayna müharibəsi getdikcə daha mürəkkəb vəziyyət yaradır. Eyni zamanda, dünyanın əsas dəniz nəqliyyatı arteriyalarından olan Hörmüz boğazında, Qırmızı dənizdə və Babül-Məndəb boğazında yaranmış problemlər qlobal nəqliyyat və təchizat marşrutlarının təhlükəsizliyinin nə qədər həssas olduğunu göstərir. Belə şəraitdə Aİ enerji təhlükəsizliyini təmin etməlidir. Söhbət, ilk növbədə, ənənəvi enerji mənbələri olan neft və qazın tədarükündən gedir. Avropada və Qərbdə alternativ enerji mənbələrinə, bərpaolunan enerji istehsalına böyük diqqət yetirilsə də, bu istiqamətdə Azərbaycanın özü də maraqlıdır və həmin prosesləri dəstəkləyir. Bununla belə, qış mövsümü yaxınlaşdıqca Avropa ölkələri enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirməlidirlər”, - deyə deputat vurğulayıb. 2028-ci il sammiti Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək T.Gəncəliyev bildirib ki, hazırda dünyada inkişafın ən mühüm istiqamətlərindən biri yeni texnologiyalar, yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər, onların ehtiyac duyduğu çiplər, nanotexnologiyalar və bu məhsulların hazırlanmasında istifadə olunan qiymətli və nadir metalların əldə edilməsidir. Həmin metalların əhəmiyyətli hissəsi Avrasiya məkanında, o cümlədən Mərkəzi Asiyanın türk dövlətlərinin yerləşdiyi coğrafiyada mövcuddur. Avropalılar hansı perspektivdən yanaşmalarından asılı olmayaraq, Türk dünyasına və Mərkəzi Asiyaya çıxış üçün Azərbaycanla əməkdaşlığa ehtiyac duyurlar. Eyni zamanda, Şərqdən, xüsusilə Çindən gələn marşrutlar Azərbaycan istiqamətinə yönəlir. Bu mənada, Azərbaycanın geosiyasi mövqeyi və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət həmin marşrutların inkişafında həlledici əhəmiyyət daşıyır. “Bütün bu reallıqları nəzərə alan Avropa dövlətləri “Avropa Siyasi Birliyi”nin 2028-ci il Sammitinin Azərbaycanda keçirilməsinə razılıq veriblər. Avropa tərəfi 2028-ci ildə keçiriləcək sammitə böyük perspektivlərlə yanaşır və həmin tədbirin mühüm siyasi nəticələr verəcəyini gözləyir. Əgər 2028-ci ilə qədər Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edilərsə və Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanarsa, bu, region üçün olduqca böyük nailiyyət olar. Bu məsələdə Ermənistanın üzərinə ciddi öhdəliklər düşür. Belə bir nəticə Cənubi Qafqazda yeni reallıqlar yaradaraq regionun qarşıdurma məkanından əməkdaşlıq məkanına çevrilməsinə şərait yarada bilər. Bu reallıqların formalaşmasında Azərbaycanın rolu həlledicidir. Məhz Azərbaycanın yaratdığı yeni reallıqlar nəticəsində bu gün Zəngəzur dəhlizi və tranzit marşrutlarının inkişafı məsələsi gündəmdədir. Zəngəzur dəhlizinin açılması perspektivi Azərbaycanın müharibədə qazandığı Qələbə ilə mümkün olub. Avropa üçün də həmin nəqliyyat-kommunikasiya xətlərinə çıxış əldə etmək həyati əhəmiyyət daşıyır. 2028-ci ildə ASB-nin Sammitinə qədər Azərbaycanın geosiyasi çəkisi daha da artacaq. Həmin il ölkəmiz Avropanın güclü siyasi mərkəzlərindən biri kimi öz mövqeyini, sözünü və tarixi missiyasını bütün dünyaya nümayiş etdirəcək”, - deyə deputat bildirib.