Futbol üzrə ölkə çempionatının 1-ci liqasının 6-cı turunda bir-birindən maraqlı nəticələr qeydə alındı. Bunlardan birinə də “Xankəndi” – “Mingəçevir” oyununda şahidlik etdik. “Nur şəhəri”nin təmsilçisi ötən tur lideri – “Şahdağ Qusar”ı devirən qarabağlıları məğlub etməklə mövsümdə ilk qələbəsini qazandı.
İş ondadı ki, həftə ərzində məşq etməmiş, üç aya yaxındı maaş ala bilməyən komanda qazandı. Bəs, bu, necə olur?
“Mingəçevir” yeni sponsorla anlaşmaq ərəfəsindədi! Kluba ciddi maliyyə yardımı etmək niyyətində olan sponsor oyundan əvvəl kollektivin yanında olduğunu bəyan edib və futbolçulara motivasiya verib. Uzun müddətdi başı üzərini qara buludlar alan, bu xəbəri sevinclə qarşılayan komanda məhz həmin ümid sayəsində sona qədər mübarizə aparıb və qalib gəlib.
Klubla yeni sponsor, demək olar ki, bütün məsələlərdə ortaq məxrəcə gəlib. Tezliklə məsələnin rəsmiləşəcəyi gözlənilir.
Xatırladaq ki, “Mingəçevir” 4 xalla 8-ci pillədə qərarlaşıb.