Çernoqoriyanın Budva şəhərində keçirilən şahmat üzrə Avropa Klub Kubokunda azərbaycanlı şahmatçılar fərdi göstəricilərə görə qızıl və bürünc medallar əldə ediblər. Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Azərbaycan qrosmeysteri Şahriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin "Baegan Pendik" klubu turnirin qalibi olub.
Fərdi yarışlarda "Vüqar Həşimov" klubunun üzvü Aydın Süleymanlı birinci lövhədə bürünc, "Odlar Yurdu" komandasının təmsilçisi Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl medal qazanıb.
Komanda hesabında "Vüqar Həşimov" klubu 10 xalla 10-cu yeri tutub. Qadınların mübarizəsində isə "Odlar Yurdu" komandası 10 xal toplayaraq əlavə göstəricilərə görə turniri dördüncü pillədə başa vurub.