Bolqarıstanın tanınmış iş adamı güllələndi – 3 nəfər SAXLANILDI

Bolqarıstanın tanınmış iş adamı, idmançı və siyasətçi Slavi Binev paytaxt Sofiyanın Pavlovo rayonunda güllələnərək öldürülüb.

Xarici mediaya istinadən, hadisə oktyabrın 24-də səhər saatlarında baş verib. Polisə atəş açılması ilə bağlı məlumat daxil olduqdan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Həkimlər Binevin ölümünü təsdiqləyiblər.

Bolqarıstan polisi hadisə ilə əlaqədar üç şübhəlini saxlayıb. Məlumata görə, onlar Sofiyadan kənarda, avtomobil yolunda tutulublar. Saxlanılan şəxslərin üzərində silahların aşkarlandığı bildirilir. Qətlin motivi hələlik açıqlanmayıb, araşdırma davam edir.

1965-ci il dekabrın 10-da Sofiyada anadan olan Slavi Binev taekvondo üzrə tanınmış idmançı olub. O, 1992-ci ildə Avropa çempionu titulunu qazanıb. Daha sonra siyasətə qoşulan Binev Avropa Parlamentinin deputatı, eləcə də Bolqarıstan parlamentinin üzvü kimi fəaliyyət göstərib.

Binev təhlükəsizlik, tikinti və əyləncə sahələrində biznes fəaliyyəti ilə də tanınıb. O, həmçinin Bolqarıstan Taekvondo Federasiyasına rəhbərlik edib.