Qalmaqallı hadisələrdə adı hallanan deputat övladları

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun da adının hallandığı, bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava deputat övladlarının keçmişdə yaşanan qalmaqallı hadisələrini yenidən gündəmə gətirib. Müxtəlif illərdə deputatların övladlarının adı dövlət qurumlarının əməkdaşları ilə qarşıdurmalarda, cinayət işlərində və siyasi mübahisələrdə çəkilib.

Metbuat.az Modern.az-a istinadən əvvəlki illərdə ictimai rezonans doğuran belə hadisələri araşdırıb.

Bakının Xətai rayonunda, “Abu Hava” restoranında baş verən və bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ictimaiyyətin diqqətini cəlb edib.

Hadisədə deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də adı hallanır. Bildirilir ki, o, aralarında münaqişə olan şəxsləri barışdırmaq məqsədilə görüş təşkil edib. Lakin restoranın ikinci mərtəbəsindəki kabinetdə başlayan mübahisə sonradan davaya çevrilib.

İlkin məlumatlara əsasən, Ceyhun adlı şəxs mübahisə zamanı bir nəfəri bıçaqlayıb, daha sonra restoranın foyesində digər şəxslər tərəfindən yaxalanaraq öldürülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İqbal Məmmədovun oğlu vergi əməkdaşları ilə qarşıdurmada

2019-cu ilin avqustunda deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının adı Lerikdəki “Relax” istirahət mərkəzində baş verən qarşıdurmada hallanıb.

Vergi əməkdaşlarının yoxlaması zamanı yaranan insidentlə əlaqədar Mirhəmid Nərimanlı da daxil olmaqla bir neçə nəfər saxlanılıb. Rəsmi məlumatlarda vergi əməkdaşlarının qanuni fəaliyyətinə maneə yaradılması və polis əməkdaşlarına qarşı zor tətbiqi ilə bağlı cinayət işi çərçivəsində ittihamların irəli sürüldüyü bildirilib.

Məhkəmənin qərarı ilə Mirhəmid Nərimanlı barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan onun azadlığa buraxılması barədə məlumat yayılıb.

Hadisə həmin vaxt deputatın ailəsi və “Relax” istirahət mərkəzi ətrafında geniş müzakirələrə səbəb olub.

Qalib Salahzadənin oğlu barəsində həbs qətimkan tədbiri seçildi

2017-ci ildə sabiq deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin adı “Azərsu” əməkdaşı ilə bağlı insidentdə hallanıb.

Mətbuatda yayılan məlumatlara görə, hadisə ilə əlaqədar ona hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddəsi üzrə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə də məlumat yayılıb.

Sabiq deputat hadisə ilə bağlı açıqlama verərək öz mövqeyini bildirib.

Fəzail Ağamalının ailəsində partiya sədrliyi uğrunda qarşıdurma

2025-ci ilin oktyabrında Ana Vətən Partiyasının qurultayında sədr seçkisi ətrafında yaranan mübahisə sabiq deputat Fəzail Ağamalının ailəsini də gündəmə gətirib.

Partiyanın rəhbərliyi uğrunda mübarizədə onun oğlu Elçin Ağamalı və qızı, deputat Günay Ağamalının adları çəkilib. Mətbuatda yayılan məlumatlarda Fəzail Ağamalının qızının namizədliyini dəstəklədiyi, oğlunun namizədliyinə isə etiraz etdiyi bildirilib.

Qurultayda yaranan gərginlik partiyanın gələcək rəhbərliyi ilə bağlı müzakirələri daha da artırıb. Digər hadisələrdən fərqli olaraq, bu insident cinayət işi ilə deyil, ailədaxili siyasi mübahisə ilə bağlı olub.

Beləliklə, müxtəlif illərdə deputat övladlarının adı həm cinayət işi çərçivəsində araşdırılan hadisələrdə, həm də siyasi qarşıdurmalarda hallanıb.