Məşhur niderlandlı mütəxəssis Lui van Qal Çempionlar Liqasının formatını tənqid edib.
“Barselona”, “Mançester Yunayted”, Niderland millisinin və digər komandaların keçmiş məşqçisi iştirakçıların bacarıq səviyyəsinə əsaslanan reytinq sistemi təklif edib.
“UEFA-nın bu formatı (36 klub) təklif etməsi sadəcə gülüncdür. Bu günlərdə hər kəs Çempionlar Liqasında oynaya bilər. UEFA yalnız pul qazanmaqla maraqlanır. Bu, korrupsiyalaşmış bir dünyadır.
Bunu xokkeydə olduğu kimi etmək lazımdır: A Divizionu, B Divizionu və sair var. Əlbəttə ki, Avropa Liqası və Konfrans Liqası da var, amma UEFA onlardan yalnız əlverişli örtük kimi istifadə edir.
Turnir Çempionlar Liqası adlanır, elə deyilmi? Ən yaxşı komandaların iştirakı olmalıdır. Bu, bacarıq boşluğunu aradan qaldırmağa kömək edərdi – daha az qol ola bilər, amma matçların özü daha yüksək səviyyədə olardı və futbolun keyfiyyəti xeyli yüksək olardı.
Çoxlu oyun var, qismən də Çempionlar Liqasının yeni, genişləndirilmiş qrup mərhələsi ilə əlaqədardır. Nəticədə, zədəlilərin sayında artım müşahidə edirik”, – van Qal NOS-a verdiyi açıqlamada bildirib.
Mütəxəssis həmçinin vurğuladı ki, seçim oyunların sayına deyil, keyfiyyətinə yönəlməlidir.
“Bu, zədələrin sayını azaltmaqla yanaşı, daha möhtəşəm və yüksək səviyyəli matçlar keçirməyə imkan verərdi. Mən bu barədə iyirmi il əvvəl UEFA ilə danışmışdım, amma onlar heç vaxt qulaq asmadılar”, – van Qal deyib.