Yeni dünya düzəni və pərdəarxası savaşlar: Nələr baş verir?

Çox ciddi proseslərin getdiyi, gözlənilən və gözlənilməz risklərin artdığı, gərginliyin daha da artacağı bir dövrə şahidlik edirik. 2016-cı ildə "Avropanı Suriya, İran və Rusiya siyasətlərində tutduğu neytral və passiv mövqeyinə görə cəzalandıracaqlar və "Brexit" bunun ilk təzahürüdür" fikrini vurğulayaraq əlavə etmişdim ki, Avropanın mövqeyindən asılı olmayaraq hər 3 ölkə (Rusiya, İran və Suriya) ilə bağlı ciddi proseslər baş verəcək.

Bunu iqtisadçı ekspert Elman Sadıqov deyib.

O bildirib ki, indi hər 3 ölkə ilə bağlı ciddi proseslərin getdiyi dövrdə Fransa Afrika və Yaxın Şərqdən uzaqlaşdırıldı:

"Burada diqqətçəkən digər məqam ABŞ-İsrail tandemidir və bu tandemin Trampın ikinci dəfə ABŞ prezirenti seçilməsindən sonra çox yaxın olması Britaniyanın da Yaxın Şərqdə nüfuzunun zəifləməsinə yönəldi. Xüsusilə Trampın Avropa və Britaniyaya münasibəti, Kanadaya qarşı aşağılayıcı davranışları gözümüzün önündə və kameralar qarşısında (pərdə arxasında deyil) baş verdi. Britaniya Kralının Konqresdə çıxışı isə bütün bunlara qarşı verilən mesajlarla dolu idi. Britaniya Yaxın Şərqdə öz nüfuz dairəsinin ABŞ-İsrail xeyrinə zəifləməsi ilə barışmayacağı mesajlarını verib. Fransadan fərqli olaraq Britaniyanın öz layihə və investisiyalarını rahat bir şəkildə təhvil verməyəcəyi fonunda körfəz ölkələrinin raket və dronlarla vurulması, Səudiyyə Ərəbistanının Husilələrlə müharibəyə cəlb olunması düşündürücüdür. "Brexit"lə Avropa xarici siyasətindən fərqli siyasət yürütməyi hədəfləyən Britaniya Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrail tandeminin Yaxın Şərqdə fəaliyyəti fonunda yenidən Avropa ilə daha da yaxınlaşdı. Fransa bundan ruhlanaraq ABŞ-İsrail tandeminə qarşı daha sərt mövqe nümayiş etdirməyə başladı. Ardınca İspaniya və digər Avropa ölkələri də oxşar ritorikaya baş vurdular.

Bu ritorikalara qarşı ABŞ-İsrail tandemi əlbəttə cavabsız qala bilməzdilər. Deməli, nə Yaxın Şərqdə təhlükəsizlik və toxunulmazlıq simvolları hesab edilən ölkələrin bombalanması, nə də Avropada baş verənlər, o cümlədən Trampın Ukraynaya təzyiqləri (əslində bu dolayı yolla Avropaya təzyiqdir) təsadüfi deyil".

Ekspert qeyd edib ki, Çin, Yaponiya və digər Cənub Şərqi Asiya ölkələri, Latın Amerikası və Afrika ölkələri hadisələrdən hələlik (1-ci mərhələdə) uzaqdırlar: "Burada ən çətin mövqedə isə Yaxın Şərqə yaxın olan ölkələrdir. Prosesin ortasında olan regionlardan biri Yaxın Şərqdirsə, digəri də Cənubi Qafqazdır:

"Türkiyə hazırda həm Britaniya-Avropa, həm də ABŞ-la balansı saxlamağa yönəlmiş siyasət yürüdür. Burada düyünə çevrilmiş məsələ Türkiyə-İsrail münasibətləridir ki, əslində bu münasibətlərdə düyün nöqtəsi ilk baxışda Fələstin və Yaxın Şərqdə nüfuz dairəsini sürətlə genişləndirmək istəyən İsraillə maraqların toqquşması görünsə də, faktiki olaraq Türkiyənin Britaniya ilə yaxın münasibətləridir. Türkiyə iqtisadiyyatı Avropa ilə ticarət əlaqələrindən və Britaniya maliyyə dairələri ilə maliyyə tranzaksiyalarından çox asılıdır. Digər tərəfdən isə ABŞ ilə strateji müttəfiqlik və NATO üzvlüyü faktı var.

E.Sadıqovun fikrincə, ölkəmiz üçün tam olmasa da, qismən oxşar mənzərə var: "Əsas ticarət əlaqələrimiz Avropa ilədir. Bir tərəfdə strateji müttəfiqimiz, qarşılıqlı maraqların çox yüksək səviyyədə olduğu dost və qardaş Türkiyə, digər tərəfdə Azərbaycana davamlı və stabil şəkildə hərtərəfli dəstək göstərmiş strateji müttəfiq İsrail. Cənubda Orta Koridorla bağlı mənfi yanaşma nümayiş etdirən İran, şimalda İranın mövqeyini tam açıq olmasa da, müxtəlif mesajlarla dəstəkləyən Rusiya.

Cənubi Qafqazı davamlı xaos altında saxlamaq ehtimalları Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və Ermənistanla müsbətə doğru davam edən əlaqələr fonunda azalsa da, risk amili olaraq Gürcüstan qalır. Yeri gəlmişkən, Gürcüstanın növbəti mərhələlərdə peşman olacağı tarixi səhvi edərək Cənubi Qafqazda oyunpozanlıq edəcəyinə inanmaq istəmirəm".

Hazırda nələr baş verir?

Ekspert vurğulayıb ki, Tramp aralıq seçkilərinə, Netanyahu isə parlament seçkilərinə daha güclü əl və reytinqlə getmək istəyirlər: "Burada da ziddiyyətli məsələ var. Netanyahunun İran məsələsini həll etməsi reytinqini və qələbə şansını artırar. Tramp üçün isə əksinə. Risk etməyə çəkinir. Vaxt azdır. İkinci dəfə İran məsələsində konkret nəticəyə nail olmamaq (Britaniya və Avropaya qarşı təzyiqlərin nəticə verməməsi fonunda bu risk yüksəkdir) aralıq seçkilərində Respublikaçılar üçün ölümcül zərbə olar. Tramp və Netanyahu İran məsələsində fərqli vəziyyətdədirlər. Kimin kimi inandıracağını zaman göstərəcək.

Tramp Rusiyaya dəstək vasitəsilə Avropaya təzyiqini artırmaqla Yaxın Şərq məsələsində güzəştlər əldə etmək və tam dəstək almaq istəyir. Yeri gəlmişkən, məşhur bir misal var. Qumarı oynayanlar deyil, oynadanlar qazanır. Rusiyanı Ukrayna bataqlığına salaraq oyundankənar vəziyyətdə qoydular, Afrika və Yaxın Şərq məsələlərində Rusiya kənarda qaldı, Rusiyanın resurslarını isə embarqo səbəbindən diskontlarla ucuz qiymətlərlə dünya bazarlarına daşıyıb postpandemiya dövründə formalaşmış inflyasiyanı aşağı saldılar. Yaxın Şərqdə müqavimət göstərən Avropanı təzyiq altına salmaq üçün bu dəfə Rusiyaya dəstək verilir. Silah satışları, resursların talan edilməsi və sair məsələlər bir kənara. Bunlar böyük faciə deyil. Ən böyük faciə hər iki ölkədə qırılan yüz minlərlə gənc, onların yarımçıq qalan həyatları oldu. Dağılan və didərgin düşən, şikəst olan insanları da digər faciələrdir.

Qeyd etdiklərim mürəkkəb pazlın (müxtəlif hissələrinin az bir qismidir. Bu az qismi birləşdirməyə çalışaraq nəticələr çıxarmağa çalışaq".

"Hər bir dövlətin hazırki vəziyyətdə ən başlıca strateji vəzifəsi heç bir provokasiyaya və avantüraya getməməsi, hər hansı hərbi münaqişəyə qoşulmamasıdır. Azərbaycan və Türkiyə bu siyasəti davam etdirməyə çalışaraq İran münaqişəsi daxil hər bir münaqişədən uzaq durmağa çalışırlar. Milyonların (Rusiya-Ukrayna müharibəsi) göz yaşına məhəl qoymayan bu qəddar dünyada hər hansı bir kiçik səhv hər bir ölkə üçün ciddi fəsadlar verə bilər. Bütün bunların fonunda hazırda heç bir ölkə nəinki öz strateji müttəfiqini, hətta düşməni olmayan dostunu (ən azından ona qarşı çıxmayacaq bir ölkəni) belə itirməyi özünə rəva görməz. Bu səbəbdən Türkiyə-Azərbaycan münasibətləri kiçik fikir ayrılıqları fonunda ciddi zərər görməz. Hələ mən dünya ticarətində önəmli paylardan birinə sahib olacaq Orta Dəhliz kimi beynəlxalq layihənin risk altına düşməsinin bu layihənin üzərində olan ölkələr üçün ehtimal olunan fəsadlarını qeyd etmirəm.

Burada diqqət çəkən önəmli bir nüans nəzərə alınmalıdır. Növbəti 2-3 il ərzində çox ciddi proseslərin şahidi olacağıq. Burada bütün ehtimalları yazmaq da olmur. Türkiyə və Azərbaycan təkcə sözdə qardaş və müttəfiq ölkələr deyillər. Bu iki ölkənin bir-birlərinin zəifliklərini tamamlayan önəmli tərəfləri də var. Sosial şəbəkələri kənara qoyaq. Amma Türkiyə dövlət ağlı Azərbaycanı doğru olaraq ərazi və əhalicə kiçik bir dövlət kimi görmür. Azərbaycan öz nüfuzu və strateji imkanları ilə Türkiyə üçün növbəti təlatümlü bir neçə il ərzində çox faydalar verə biləcək imkanlara sahibdir. Azərbaycan üçün də Türkiyə haqqında eyni sözləri demək vacibdir. Bütün duyğusal ortaq cəhətləri kənara qoyaraq ölkələrin öz milli və strateji maraqlarını qorumaq, papaqları başsız qoymamaq üçün atacaqları rasional addımlar bəllidir.

Və ən böyük risk! ABŞ-İsrail və Britaniya-Avropa tandemi sadə məsələ deyil. Əvvəla hər iki tandem böyük imkanlara malikdir. İkincisi, bu tandemlər coğrafi olaraq ABŞ, İsrail, Britaniya və Avropa Birliyi ilə sərhədlənmir. Burada Çin, Hindistan, Kanada (Türkiyə-Kanada yaxınlaşmasına və Türkiyə Prezidentinin Kanada Baş Naziri ilə görüşdən sonrakı mətbuat konfransında "bütün fikir ayrılıqlarına son qoyduq" mesajına bir də qeyd etdiklərim prizmasından baxaq), Yaxın Şərq ölkələri, Cənubi Qafqaz var. Yeni Dünya Düzəninə gedən yolda bu iki tandem bir-birlərini bazarlıqda güzəştə getməyə məcbur etmək üçün həm də onların yanında olan ölkələrə dolayı və birbaşa yolla təzyiqlər, şantajlar tətbiq edə, intriqalara çəkə bilərlər. Növbəti 2-3 il ərzində onsuz da kifayət qədər çağırış və problemlərlə üzləşmək ehtimalını nəzərə alaraq ən azı mövcud problemlərin həlli vacibdir. Bu səbəbdən Ermənistanın Sülh Sazişini qaranlıq görünən uzun dövrə təxirə salması deyil (bu həm də Ermənistan üçün ciddi fəsadlar doğurar), maksimum yaxın 1-2 il ərzində həll etməsi qaçılmaz həqiqətdir. Bu həqiqəti Ermənistanın dərk etməsinə və ya dərindən dərk edəcəyinə inanıram".