Azərbaycanda 2025-ci ildə dənli bitkilərin əkin strukturunda əhəmiyyətli dəyişiklik baş verib. Buğda sahələrinin azalması fonunda arpa və qarğıdalı əkinləri genişlənib.
Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ildə ölkədə 484 min hektar sahədə buğda əkilib. Bu, 2024-cü ildə qeydə alınmış 546,3 min hektarla müqayisədə 62,3 min hektar və ya 11,4 faiz azdır. Eyni dövrdə arpa əkinlərinin sahəsi 420,6 min hektardan 433,8 min hektara, dən üçün qarğıdalı sahələri isə 29,2 min hektardan 34 min hektara yüksəlib.
Ümumilikdə dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 2024-cü ildəki 1 milyon 21 min hektardan 2025-ci ildə 978 min hektara düşüb. Beləliklə, bu qrup üzrə ümumi əkin sahələri 43 min hektar azalıb. Azalmanın əsas hissəsi buğda əkinlərinin payına düşüb.
Əkin strukturunda da müvafiq dəyişiklik müşahidə edilib. Belə ki, buğdanın ölkə üzrə ümumi əkin sahələrində payı 33,5 faizdən 30,5 faizə enib, arpanın payı isə 25,7 faizdən 27,3 faizə yüksəlib. Rəqəmlər dənli bitkilər arasında əkin sahələrinin bölgüsünün dəyişdiyini göstərir.