Qubada Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib - FOTO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində Quba şəhərində Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, çıxışlar zamanı gənclərin mədəniyyətlərarası dialoqun təşviqində, qarşılıqlı anlaşmanın gücləndirilməsində və xalqlar arasında əməkdaşlığın inkişafında rolu vurğulanıb.

Forumun gənc liderlər üçün fikir mübadiləsi aparmaq, təcrübələrini bölüşmək və ortaq gələcək naminə yeni əməkdaşlıq imkanları yaratmaq baxımından əhəmiyyəti qeyd olunub.

BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) gənclər şəbəkəsinin üzvlərinin də iştirak etdiyi Forum çərçivəsində keçiriləcək müzakirələr və müxtəlif fəaliyyətlər gənclərin dialoq və həmrəylik təşəbbüslərinə töhfə verməsinə, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Qeyd edək ki, forum oktyabrın 26-dək davam edəcək.