Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı

Azərbaycanda hazırda Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomobil yolunun 129 kilometrlik hissəsi və yeni Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli yol kimi müəyyən edilib. Hər iki istiqamətdə sürücülərin istifadə edə biləcəyi alternativ ödənişsiz yollar mövcuddur.

Şimal istiqamətində ödənişli hissə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni yolun üzərində yerləşir. Əhmədbəyli–Füzuli–Şuşa ödənişli yoluna alternativ isə uzunluğu 101 kilometr olan Zəfər yoludur. Yeni Şuşa yolundan istifadə tarifləri 2026-cı il iyunun 2-dən qüvvəyə minib.

Bəs gələcəkdə ölkənin digər istiqamətlərində də ödənişli yollar təşkil oluna bilərmi?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanın ərazisindən keçən Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizləri boyunca alternativ ödənişsiz yollar mövcud olduqda ödənişli yolların təşkilinə baxıla bilər.

“Bunun ilk nümunəsi olaraq Şimal–Cənub nəqliyyat dəhlizinin şimal istiqamətində artıq ödənişli yol fəaliyyət göstərir. Cənub istiqamətində də köhnə yolun əsaslı təmiri başa çatdıqca və alternativ formalaşdıqca yeni tikilən yolun ödənişli olması ehtimalı var. Köhnə yolun bir hissəsi təmir olunub, digər hissəsində isə işlər qalır”, – deyə o qeyd edib.

Ekspert Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunu da alternativ yol mövcud olduğu halda ödənişli hərəkətin təşkilinə nümunə göstərib.

Onun fikrincə, gələcəkdə Horadiz–Ağbənd istiqamətində inşa edilən yeni dördzolaqlı avtomobil yolunda da oxşar yanaşma tətbiq oluna bilər:

“Zəngəzur dəhlizinə çıxışı təmin edəcək yeni Horadiz–Ağbənd avtomobil yolu ödənişli, köhnə M-6 magistralı isə ödənişsiz olacaq. Ümumilikdə, keyfiyyəti uyğun tələblərə cavab verən, lakin daha aşağı sürətli ödənişsiz alternativ mövcud olduqda dəhlizlər boyunca paralel ödənişli yollar təşkil edilə bilər”.

R.Ağamirzəyev bildirib ki, belə yollar beynəlxalq avtomobil daşımalarında vaxt itkisinin azaldılması baxımından əhəmiyyətlidir.

“Ölkə ərazisindən beynəlxalq avtomobil daşımaları həyata keçirilir və bu sahədə vaxt puldur. Daha sürətli çatdırılma üçün ödənişli yollara üstünlük verilməsi belə infrastruktura ehtiyac yaradır”, – deyə ekspert vurğulayıb.

O əlavə edib ki, ödənişli yol təcrübəsi təkcə Azərbaycana aid deyil. Ekspertin sözlərinə görə, bu model Rusiya və Qazaxıstanda tətbiq olunur, Türkiyədə daha geniş yayılıb:

“Özbəkistanda da tətbiqə başlanılıb, Ukraynada isə planlaşdırılır. Avropa və Asiya ölkələrində, eləcə də digər qitələrdə bu təcrübənin çoxsaylı nümunələri var”.