U-17 dünya çempionatında diqqət mərkəzində olacaq 10 gənc futbolçu

Qətərdə keçiriləcək 17 yaşadək futbolçular arasında dünya çempionatı gələcəyin potensial ulduzlarını izləmək üçün mühüm fürsət yaradacaq. Turnirdə müxtəlif ölkələri təmsil edən istedadlı yeniyetmələr öz bacarıqlarını nümayiş etdirməyə çalışacaqlar.

“Goal” nəşri yarışda diqqət yetirilməli 10 futbolçunun siyahısını hazırlayıb.

Noyabrın 19-da start götürəcək mundialda 48 komandanın iştirakı gözlənilir. ABŞ millisi təhlükəsizliklə bağlı narahatlıqlara görə son anda yarışdan çəkilib.

Nəşrin diqqət ayırdığı futbolçular arasında artıq Avropanın tanınmış klublarının maraq dairəsinə düşən və gələcəkdə böyük karyera quracağı gözlənilən oyunçular var.

Akol Akon (Avstraliya)

“Sidney” klubunda çıxış edən 17 yaşlı cinah oyunçusu gələcəyin Avstraliya futbolunun əsas simalarından biri hesab olunur. O, 16 yaşında əsas komandada ilk dəfə start heyətində meydana çıxdığı matçda üç məhsuldar ötürmə ilə diqqət çəkib. Akonun 2027-ci ilin yayında MLS təmsilçisi “Kolorado Rapids”ə keçəcəyi gözlənilir.

Eduardo Konseysao (Braziliya)

“Palmeyras”ın yetirməsi olan hücumameyilli futbolçu Avropanın bir sıra nəhəng klublarının marağındadır. “Barselona”, PSJ, “Çelsi”, eləcə də Mançester klublarının onun transferini izlədiyi bildirilir. 2027-ci ilin dekabrında 18 yaşı tamam olacaq Konseysaonun Braziliyanın növbəti böyük futbol ulduzlarından birinə çevriləcəyi gözlənilir.

Xander Dierks (Belçika)

“Royal Antverpen”in əsas komandasında artıq 30-dan çox oyun keçirən 17 yaşlı yarımmüdafiəçi turnirin təcrübəli gənclərindən biridir. Meydanın müxtəlif mövqelərində oynamaq bacarığı ilə seçilən Dierks Belçika millisinin orta xəttində əsas fiqurlardan biri ola bilər.

Simon Eskobar (Argentina)

“Veles Sarsfild” klubunun yetirməsi olan sol cinah müdafiəçisi İngiltərə klublarının diqqətini çəkib. “Çelsi” və “Brayton”un onunla maraqlandığı bildirilir. Eskobar Argentina millisinin əsas komandasının düşərgəsinə dəvət alıb və gələcəkdə Avropaya transfer olunmağa namizədlərdən sayılır.

Leo Lemetr (Fransa)

Fransa millisinin müdafiəçisi “Real Madrid”in böyük ümid bəslədiyi gənclərdəndir. Madrid klubu 2026-cı ilin əvvəlində 17 yaşlı futbolçu ilə yeni müqavilə imzalayıb və onun sözləşməsinə 100 milyon avroluq sərbəstqalma məbləği əlavə edib. Qətərdəki turnir Lemetr üçün beynəlxalq səviyyədə özünü göstərmək baxımından əhəmiyyətli fürsət olacaq.

Samuel Martines (Kolumbiya)

Kolumbiyanın U-17 millisinin Cənubi Amerika çempionluğunda mühüm rol oynayan yarımmüdafiəçi artıq “Liverpul”la anlaşıb. 17 yaşlı futbolçuya “Mançester Siti”, “Bavariya” və Dortmund “Borussiya”sı da maraq göstərib. Martinesin 2027-2028 mövsümündən əvvəl İngiltərə klubuna qoşulacağı gözlənilir.

Cahmari Nolan (Yamayka)

Hələ 17 yaşı tamam olan hücumçu artıq Yamaykanın əsas millisində debüt edib. 14 yaşında ölkəsinin yüksək liqasında oynamağa başlayan Nolan hazırda “Toronto” klubunun ehtiyat komandasında çıxış edir. Onun yaxın gələcəkdə əsas komandaya yüksələcəyi gözlənilir.

Edvin Kintero (Ekvador)

Sürətli driblinq qabiliyyətinə görə Neymarla müqayisə edilən 17 yaşlı futbolçu “Arsenal”ın diqqətini çəkib. London klubu onun transferində “Bavariya”nı qabaqlayıb. Kintero 18 yaşına çatdıqdan sonra əkiz qardaşı Holgerlə birlikdə İngiltərə təmsilçisinə qoşulacaq.

İbrahim Rəbbac (Mərakeş)

“Çelsi”nin akademiyasında yetişən 17 yaşlı sağ cinah oyunçusu əvvəllər İngiltərənin aşağı yaş qrupları üzrə millilərində çıxış edib. Lakin bu ilin əvvəlində Mərakeş millisində oynamaq qərarı verib. Texnikası və oyun üslubuna görə Lionel Messiyə bənzədilən Rəbbac artıq “Çelsi”nin U-21 komandasında da şans qazanıb.

Ebrima Tunkara (İspaniya)

Siyahının ən diqqətçəkən adlarından biri “Barselona”nın gənc futbolçusu Ebrima Tunkaradır. 16 yaşlı hücumameyilli yarımmüdafiəçi bu ilin əvvəlində U-17 Avropa çempionatının ən yaxşı oyunçusu seçilib. Hazırda “Barselona”nın əsas komandası ilə müntəzəm məşq edən Tunkara bir neçə dəfə ehtiyat oyunçular skamyasında da yer alıb. O, Kataloniya klubunun son illərdə yetişdirdiyi ən perspektivli istedadlardan biri hesab olunur.

Qeyd edək ki, U-17 dünya çempionatı noyabrın 19-da Qətərdə başlayacaq. Turnir futbol ictimaiyyətinə gələcəkdə dünya futbolunun aparıcı simalarına çevrilə biləcək gənc oyunçuları daha yaxından tanımaq imkanı verəcək.