Bakı, 17 noyabr, AZƏRTAC Xaricdə yaşayan azərbaycanlıların milli kimlik, tarixi-mədəni irs və ümummilli maraqlar ətrafında birləşməsi, Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsi dövlətimizin diaspor siyasətinin əsas prioritetlərindəndir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropaya səfəri çərçivəsində Avstriyanın paytaxtı Vyanada soydaşlarımızla görüşü də bu baxımdan xüsusi əhəmiyyət daşıyıb. Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Zalsburq Azərbaycan Evinin təşkilatçılığı və Komitənin dəstəyi ilə keçirilən görüşdə Azərbaycan icmasının üzvləri və diaspor fəalları iştirak ediblər.Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəzin fəaliyyəti, Avstriyada Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O, mədəniyyət mərkəzlərinin ölkəmizin beynəlxalq müstəvidə tanıdılması, Azərbaycan həqiqətlərinin Avstriya ictimaiyyətinə çatdırılması və soydaşlarımızın milli kimlik ətrafında birləşdirilməsindəki rolunu vurğulayıb.Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs edib. Səfir, həmçinin Avstriyada yaşayan azərbaycanlıların ictimai fəallığını və diaspor təşkilatlarının inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib.Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dövlətimizin diaspor siyasətinin əsas istiqamətləri, soydaşlarımızla əlaqələrin genişləndirilməsi və diaspor təşkilatlarına göstərilən dəstək barədə məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə azərbaycanlıların milli maraqlar ətrafında birləşməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm nəticələrin əldə olunduğunu bildirib.Görüşdə Prezident İlham Əliyevin çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub. Daha sonra Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri, Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov qurumun fəaliyyəti və görülən işlər barədə məlumat verib.Toplantı çərçivəsində Avstriya Azərbaycanlıları Koordinasiya Şurasının iclası da keçirilib, ölkədə yaşayan azərbaycanlıların ictimai fəallığının artırılması məsələləri müzakirə olunub. İclasın nəticəsi olaraq Linz şəhərində yaşayan, istedadlı pianoçu və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Koordinasiya Şurasının koordinatoru seçilib.Görüş fikir mübadiləsi ilə davam edib. İştirakçılar qarşıda duran vəzifələrlə bağlı təkliflərini səsləndirərək Azərbaycan diasporunun daha mütəşəkkil fəaliyyəti üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.Tədbir bədii hissə ilə davam edib.