“AÇG-də milyardlarla barel neft hələ də hasil edilməyi gözləyir

SOCAR və BP “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunda neft ehtiyatlarından maksimum istifadə edilməsi və yatağın gələcək hasilat potensialının artırılması istiqamətində birgə fəaliyyət göstərir.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Babək Hüseynov "AÇG-də hasilata dəstək:Yeni yanaşmalar və texnologiyalar" adlı tədbirdə media nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, AÇG Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir və yataqda hələ də milyardlarla barel hasil edilə biləcək neft ehtiyatı mövcuddur.

“AÇG artıq hasilatın pik mərhələsini geridə qoyub və hazırda təbii azalma dövrünü yaşayır. SOCAR olaraq qarşımızda duran əsas vəzifə bu yatağın potensialından maksimum istifadə etməkdir”, – deyə Babək Hüseynov vurğulayıb.

O qeyd edib ki, SOCAR və BP-nin birgə texniki qiymətləndirmələri nəticəsində yataqda neftin yekun çıxarılma əmsalının 40 faizdən yuxarı səviyyəyə çatdırılması ilə bağlı ortaq mövqe formalaşıb.

“Biz BP ilə birlikdə yatağın yekun neftvermə əmsalının hansı səviyyədə ola biləcəyini müəyyənləşdirməyə çalışdıq. Nəticədə bu göstəricinin 40 faizdən yüksək ola biləcəyi qənaətinə gəldik. Neft yataqları üçün belə bir göstərici dünya miqyasında olduqca yüksək hesab olunur”, – deyə SOCAR rəsmisi bildirib.

Babək Hüseynov əlavə edib ki, yatağın gələcək inkişafı ilə bağlı layihələrin müəyyənləşdirilməsində ilkin mərhələdə iqtisadi deyil, texniki imkanlara üstünlük verilib.

“Bizim yanaşmamız belə idi: əvvəlcə iqtisadi göstəriciləri deyil, texniki baxımdan nələrin mümkün olduğunu müəyyənləşdirək. SOCAR öz müstəqil texniki qiymətləndirməsini apardı və daha sonra BP ilə birlikdə bütün potensial layihələri nəzərdən keçirdi”, – deyə o bildirib.

SOCAR-ın birinci vitse-prezidenti vurğulayıb ki, əsas məqsəd AÇG yataqlar blokunun uzunmüddətli hasilat potensialından maksimum yararlanmaq və mövcud ehtiyatların səmərəli işlənməsini təmin etməkdir.