Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə qədər kənd üzrə foto və videomateriallar toplanıb. Həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.
Layihə çərçivəsində növbəti material Oxçuoğlu haqqındadır.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Şirak vilayətinin tərkibindədir.
1877-1878-ci illər Rus-türk müharibəsi ərəfəsində kəndin ərazisi Osmanlı imperiyasının Qars sancağının tərkibində olub. Müharibənin nəticələrinə əsasən, Osmanlı imperiyasının Qarsı, Ərdəhanı və Batumu (indiki Batumini) Rusiyaya güzəştə getməyə məcbur olduğu Berlin müqaviləsi bağlanıb.
Çar Rusiyası dövründə kənd Qars vilayətinin Qars dairəsinə aid olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1915-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. Ayrı-ayrı mənbələrdə onlar qarapapaqlar (azərbaycanlıların etnoqrafik qrupu) kimi göstəriliblər.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı qarapapaqlar olmaqla 551 nəfər yaşayıb.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 747 nəfər yaşayıb.
Qars vilayətinin 1904-cü ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
1903-cü ildə kənddə hamısı qarapapaqlar olmaqla 756 nəfər yaşayıb.
1909-cu ilə olan Qafqaz təqvimi:
1907-ci ildə kənddə 935 nəfər, əsasən, qarapapaqlar yaşayıblar.
Qars vilayətinin 1910-cu ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
1909-cu ildə kənddə hamısı qarapapaqlar olmaqla 944 nəfər yaşayıb.
1912-ci ilə olan Qafqaz təqvimi:
1911-ci ildə kənddə 930 nəfər, əsasən, qarapapaqlar yaşayıblar.
Qars vilayətinin 1914-cü ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
1913-cü ildə kənddə hamısı qarapapaqlar olmaqla 997 nəfər yaşayıb.
1916-cı ilə olan Qafqaz təqvimi:
1915-ci ildə kənddə 1080 nəfər, əsasən, qarapapaqlar yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan (indiki Yerevan) şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1919-1920-ci illərdə erməni silahlı dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Rusiya işğalına qədər Osmanlı imperiyasına məxsus olmuş Qars vilayətində müsəlmanlara qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, o cümlədən Zəngəzur, Qarabağ və Naxçıvanda keçirilib.
Oxçuoğlu sakinlərinin etnik təmizləməyə məruz qaldıqlarını kənddə türk sakinlərin sayının kəskin azalması sübut edir. Bu, əvvəlki illərin məlumatlarını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması nəticələri ilə müqayisə etdikdə görünür.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1922-ci ildə kənddə 454 nəfər yaşayıb, onlardan 453 nəfəri azərbaycanlı olub.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bir tərəfdə Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR, digər tərəfdə Türkiyə olmaqla bağlanmış 1921-ci il Qars müqaviləsinə əsasən, kənd Sovet Ermənistanının tərkibinə daxil olub.
Sovet dövründə kənd Ağbaba rayonunun tərkibində olub, rayon sonradan Amasiya adlandırılıb.
Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1926-cı ildə kənddə 709 nəfər yaşayıb, onlardan 704 nəfəri qarapapaqlar olub.
1931-ci ildə kənddə hamısı azərbaycanlılar olmaqla 893 nəfər yaşayıb.
Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:
1959-cu ildə kənddə 1087 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1970-ci ildə kənddə 1412 nəfər yaşayıb.
1979-cu ildə kənddə 1504 nəfər yaşayıb.
1989-cu ildə kənddə 110 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. Azərbaycanlıların qovulmasından sonra kəndə ermənilər yerləşdiriliblər.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkarlanıb.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 25 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Qursalı kəndi ilə bağlı 64 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.