Xəbər verdiyimiz kimi noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində öz işinə başlayan “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısı qitənin gələcək təhlükəsizlik arxitekturası, iqtisadi rəqabət qabiliyyəti, enerji təminatı və nəqliyyat bağlantılarının müzakirə olunduğu mühüm beynəlxalq tədbirdir.
Tədbirdə 40-dan çox dövlət və hökumət başçısı iştirak edib. Zirvə görüşünün əsas şüarı “Güclü, təhlükəsiz və əlaqəli Avropa” olub.
MÖVZU İLƏ BAĞLI:
Güclü və təhlükəsiz Avropa üçün Azərbaycan faktoru
Bu gün Avropanın təhlükəsizliyi təkcə ictimai sabitliklə ölçülmür. Bu təhlükəsizlik faktoru daha çox davamlı enerji resursları ilə bağlıdır.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin bu toplantıda iştirakı xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmiz Avropanın enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən, eyni zamanda Şərq-Qərb əlaqələrinin inkişafında mühüm rol oynayan tərəfdaşdır. Azərbaycanın iştirakı Avropanın müzakirə etdiyi məsələlərin bir çoxunun ölkəmizin milli maraqları və strateji prioritetləri ilə birbaşa bağlı olduğunu göstərir.
Burada mühüm məqamlardan biri də budur ki, “Avropa Siyasi Birliyi” Avropa İttifaqının üzvlüyü ilə məhdudlaşan təşkilat deyil. 2022-ci ildə yaradılmış bu platforma Avropa dövlətləri arasında siyasi dialoqu və ümumi problemlərin müzakirəsini nəzərdə tutur. Azərbaycan da bu geniş siyasi məkanın əsas aktorlarından biridir.
Təsadüfi deyil ki, toplantıda Avropa liderləri Azərbaycana qarşı xüsusi diqqət göstəriblər. Toplantının ilk günündə 10-a yaxın Avropa liderinin Prezident İlham Əliyevlə görüşü bunun əyani sübutudur.
Dövlətimizin başçısı Ukrayna Prezidenti Volodimir Zelenski, Ermənistanın Baş naziri Nikol Paşinyan, Böyük Britaniyanın, Litvanın, Rumıniyanın, Çexiyanın, Yunanıstanın və digər ölkələrin rəhbərləri ilə görüşlər keçirib. Eyni zamanda, Avropa Şurasının Prezidenti Antonio Koşta ilə də görüş Azərbaycanın Avropa üçün nə qədər vacib tərəfdaş olduğunu göstərir.
Üstəlik, dünya liderləri toplantı zamanı Azərbaycan mediasına həvəslə açıqlamalar veriblər. Bu isə Azərbaycanın artan nüfuzunun, siyasi-iqtisadi gücünün göstəricisidir.
Enerji təhlükəsizliyi – Azərbaycanın strateji üstünlüklərindən biri kimi
Liderlərin budəfəki toplantısında əsas müzakirə mövzusu Avropanın enerji təhlükəsizliyi məsələsidir. Ona görə də Zirvə toplantısında əsas diqqətlərin Azərbaycana yönəlməsi də təsadüf deyildi.
Çünki Azərbaycan həm neft-qaz istehsalçısı, həm də tranzit ölkə kimi Avropa üçün əvəzolunmaz tərəfdaşdır.
Bu gün Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə xidmət edir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Zirvə Toplantısı çərçivəsində keçirilən "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib ki, bu gün yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəməri tamamilə doludur.
Prezident onu genişləndirməyin vacibliyinə toxunub, Yunanıstana və İtaliyaya gedən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırdığımızı bildirib.
İlham Əliyev Azərbaycanın emal müəssisələrinin ümumi istehsal həcminin 30 milyon ton olduğunu diqqətə çatdırıb.
Bu rəqəmlər Azərbaycanın Avropa enerji bazarında tutduğu mövqenin və ölkəmizin beynəlxalq iqtisadi münasibətlərdə artan əhəmiyyətinin konkret ifadəsidir.
Daha bir mühüm istiqamət yaşıl enerjidir.
Azərbaycanın bərpaolunan enerji potensialı, Xəzər dənizində külək enerjisi imkanları və yaşıl elektrik enerjisinin Gürcüstan və Türkiyə üzərindən Avropaya ötürülməsi layihələri ölkəmizin gələcək enerji strategiyasında yeni mərhələ açır. Beləliklə, Azərbaycan Avropa üçün yalnız ənənəvi enerji təchizatçısı deyil, həm də gələcəyin yaşıl enerji tərəfdaşı olmaq istiqamətində irəliləyir.
Azərbaycan Avropa ilə Asiyanı birləşdirən körpü rolunda
Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsi, təchizat zəncirlərinin təhlükəsizliyi və alternativ nəqliyyat marşrutlarının inkişafı hazırda beynəlxalq gündəliyin əsas məsələlərindəndir. Bu baxımdan Azərbaycanın geostrateji mövqeyi ölkəmizə mühüm iqtisadi və siyasi üstünlüklər qazandırır.
Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Şərq-Qərb nəqliyyat infrastrukturu Azərbaycanın beynəlxalq logistika sistemindəki rolunu artırır.
Dünya ticarətində baş verən dəyişikliklər göstərir ki, artıq nəqliyyat marşrutlarına yalnız yükdaşıma vasitəsi kimi yanaşmaq olmaz. Onlar həm də dövlətlərin iqtisadi təhlükəsizliyinin, siyasi müstəqilliyinin və beynəlxalq rəqabət qabiliyyətinin mühüm elementidir.
Azərbaycanın Avropa Siyasi Birliyinin toplantısında iştirakının əhəmiyyəti də bu reallıqdan irəli gəlir. Ölkəmiz Avropa dövlətləri ilə nəqliyyat bağlantılarının genişləndirilməsində, regional logistika imkanlarının artırılmasında və yeni iqtisadi əməkdaşlıq mexanizmlərinin formalaşmasında maraqlıdır.
Avropa ilə iqtisadi əməkdaşlığın yeni perspektivləri
Azərbaycanın Avropa ilə münasibətləri enerji ixracı ilə məhdudlaşmır. Ticarət, sənaye, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, investisiya, nəqliyyat və bərpaolunan enerji sahələri əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Belə beynəlxalq platformalarda iştirak Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi, Avropa şirkətləri ilə yeni tərəfdaşlıqların qurulması və qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Xüsusilə yaşıl enerji layihələri gələcək əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Avropanın enerji keçidi siyasəti, alternativ enerji mənbələrinə artan tələbatı və təmiz elektrik enerjisinin idxalına marağı Azərbaycanın bu sahədəki potensialını daha da aktuallaşdırır.
Bununla yanaşı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi logistika, anbar təsərrüfatı, liman xidmətləri, dəmir yolu və avtomobil nəqliyyatı sahələrinə əlavə investisiyaların cəlb edilməsinə şərait yarada bilər.
Azərbaycanın səsi Avropanın gələcəyinə dair müzakirələrdə
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin IX Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa ilə siyasi, iqtisadi və enerji əlaqələrinin genişləndirilməsi baxımından mühüm hadisədir.
Bu iştirakın əhəmiyyəti təkcə beynəlxalq tədbirdə təmsil olunmaqdan ibarət deyil. Söhbət ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi strateji məsələlərin müzakirəsində iştirakından gedir.
Azərbaycan artıq Avropanın gələcəyi ilə bağlı müzakirələrə kənardan baxan ölkə deyil. O, enerji, nəqliyyat, təhlükəsizlik və regional əməkdaşlıq məsələlərində öz maraqları, imkanları və təklifləri ilə çıxış edən tərəfdaşdır.
Avropa liderləri Bakıda bir araya gələcək
Məlum olduğu kimi, Bakı 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammitinə ev sahibliyi edəcək. Bu ölkəmizin çoxtərəfli diplomatiyada artan rolunun və beynəlxalq tərəfdaşlarla siyasi dialoqun genişləndirilməsinin növbəti göstəricisidir.
Şübhəsiz ki, 2028-ci ildə Bakıda keçiriləcək sammit Azərbaycan üçün yeni diplomatik imkanlar yaradacaq. Dövlət və hökumət başçılarının, eləcə də Avropa institutlarının rəhbərlərinin ölkəmizdə bir araya gəlməsi siyasi dialoqun dərinləşdirilməsi, ikitərəfli münasibətlərin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma olacaq.
Beləliklə, Azərbaycan təkcə Avropanın enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən tərəfdaş kimi deyil, həm də qitənin gələcəyinə dair siyasi müzakirələrə ev sahibliyi edən ölkə kimi çıxış edəcək. Əminliklə qeyd edə bilərik ki, Bakı Zirvəsi Azərbaycanın Avropa ilə münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq.
Surxay Atakişiyev, Bizim.Media