Bəzi anları niyə heç vaxt unutmuruq? Alimlər səbəbini tapdı

Alimlər beynin emosiyaların emalında mühüm rol oynayan amigdala bölgəsinin hansı təcrübələrin uzunmüddətli yaddaşa çevriləcəyini müəyyənləşdirməyə kömək etdiyini üzə çıxarıblar. Araşdırma göstərib ki, bu proses yalnız qorxu və güclü emosiyalarla bağlı deyil, gündəlik görüntüləri də əhatə edir.

ONN media xəbər verir ki, araşdırma ABŞ-ın Sedars-Sinay Sağlamlıq Elmləri Universitetinin alimləri tərəfindən aparılıb və "Nature Neuroscience" jurnalında dərc olunub.

Tədqiqat zamanı amigdala bölgəsindəki müəyyən neyronların üzlərə, heyvanlara və mənzərələrə fərqli reaksiya verdiyi müəyyən edilib. Bu neyronların konkret görüntüyə reaksiyası nə qədər güclü olurdusa, iştirakçıların həmin görüntünü sonradan xatırlamaq ehtimalı da bir o qədər artırdı.

Araşdırmada epilepsiya tutmalarını izləmək məqsədilə beyninə elektrod yerləşdirilmiş 112 pasiyentin məlumatlarından istifadə olunub. İştirakçılara əvvəllər görmədikləri şəkillər göstərilib və onların beyin hüceyrələrinin fəaliyyəti qeydə alınıb. Daha sonra həmin şəxslərdən gördükləri şəkilləri xatırlamaları istənilib.

Nəticələr amigdalanın müəyyən neyronlarının fəaliyyətinin hansı görüntülərin yaddaşda qalacağını əvvəlcədən proqnozlaşdıra bildiyini göstərib. Alimlər bu nəticələri iki ayrı məlumat bazasında da təsdiqləyiblər.

Tədqiqatçılar hesab edirlər ki, kəşf Alzheimer xəstəliyi və temporal pay epilepsiyası kimi yaddaş pozuntularının öyrənilməsində yeni imkanlar aça bilər. Gələcəkdə amigdalanın fəaliyyətinə təsir göstərən müalicə üsullarının hazırlanması da araşdırıla bilər.

Bununla belə, alimlər hələlik neyron fəaliyyətini dəyişdirməklə yaddaşı yaxşılaşdırmağın mümkün olub-olmadığını müəyyən etməyiblər. Gələcək tədqiqatlarda eyni mexanizmin səslərin və qoxuların yaddaşda saxlanılmasına təsiri də öyrəniləcək.