Bakı, 13 noyabr, AZƏRTAC Türkiyə ilə Azərbaycan arasında qardaşlıq müdafiədən enerjiyə, nəqliyyatdan Türk dünyasının ümumi baxışına uzanan strateji müttəfiqliyə çevrilib. COP31-də Antalyadan verilən səmimiyyət görüntüsü bu münasibətlərin siyasi olduğu qədər mənəvi və insani tərəfini də nümayiş etdirib. Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.O bildirib ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlər rəsmən müttəfiqlik müstəvisinə keçib. “Bir millət, iki dövlət” ifadəsi yalnız ortaq tarixə və mədəniyyətə söykənən güclü şüar deyil, konkret əməkdaşlıq və qarşılıqlı həmrəyliklə möhkəmlənən siyasi iradədir.“Şuşa Bəyannaməsi tərəflərin müstəqillik, suverenlik və ərazi bütövlüyü məsələlərində həmrəyliyini təsbit etməklə yanaşı, müdafiə sənayesi və hərbi əməkdaşlığın inkişafı üçün də hüquqi çərçivə yaradır. Birgə hərbi təlimlər, təcrübə mübadiləsi, müdafiə sənayesi sahəsində əlaqələr bu tərəfdaşlığın əsas istiqamətlərindəndir. 2026-cı ildə Azərbaycanda keçirilən ADEX müdafiə sərgisində iki ölkənin müdafiə qurumları və şirkətləri arasında yeni əməkdaşlıq sazişlərinin imzalanması da bu sahədə əlaqələrin inkişafını göstərir. Bu əməkdaşlığın məqsədi başqa ölkələrə qarşı təhdid yaratmaq deyil, hər iki dövlətin öz təhlükəsizlik imkanlarını, çəkindirici gücünü və böhranlara qarşı dayanıqlığını artırmaqdır”, - deyə Y.Karauz bildirib. Ekspert qeyd edib ki, Türkiyə ilə Azərbaycanın müttəfiqliyi yalnız iki ölkənin gücünü möhkəmləndirmir, eyni zamanda, Türk Dövlətləri Təşkilatının siyasi çəkisini və fəaliyyət imkanlarını artırır. Təşkilatın iki mühüm dayağı olan Türkiyə və Azərbaycanın təhlükəsizlikdən enerjiyə, nəqliyyatdan diplomatiyaya qədər müxtəlif sahələrdə birlikdə hərəkət etməsi Türk dünyasında əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu tərəfdaşlıq digər üzv dövlətləri kölgədə qoyan yanaşma deyil, bütün üzvlərin bərabərliyi və ortaq mənafeyi əsasında daha güclü birliyi mümkün edən amildir. Yücel Karauz COP31 çərçivəsində Antalyada nümayiş olunan səmimi münasibətlərin də bu tərəfdaşlığın mühüm mənəvi tərəfini üzə çıxardığını bildirib. “Antalyada keçirilən COP31 Liderlər Sammiti iki ölkə arasındakı yaxınlığın ictimaiyyətə bir daha nümayiş olunduğu platformalardan birinə çevrildi. Bu görüntülərin arxasında rəsmi münasibətlərdən daha geniş, insani bağların əhəmiyyəti dayanır. İki ölkənin prezidentləri arasındakı qardaşlıq və etimadın birinci xanımların səmimi dialoqu ilə ictimai və ailəvi yaxınlıq müstəvisində görünməsi münasibətlərin mənəvi əsasını gücləndirir. Bu yaxınlıq etimad mühitini gücləndirir, xalqların bir-birinə duyduğu yaxınlığı görünən edir və münasibətlərin insani tərəfini önə çıxarır”, - deyə o qeyd edib. Ekspert Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini ortaq tarixlə yanaşı, müasir dövrün strateji ehtiyacları və gələcəyə hesablanmış əməkdaşlıqla əsaslandırıb: “Müdafiə tərəfdaşlığı etimadı və çəkindirici gücü, enerji layihələri enerji təhlükəsizliyini və regional təsiri, nəqliyyat xətləri isə ticarət və bağlantıları gücləndirir. Liderlərin qardaşlığı, xalqların könül bağı bu möhkəm münasibətlərin mənəvi tərəfini tamamlayır. Bu müttəfiqlik iki dövlətin ortaq gücünü artırmaqla yanaşı, Türk Dövlətləri Təşkilatının daha təsirli, həmrəy və gələcəyə yönəlmiş quruma çevrilməsinə də dəstək verir. COP31-də Antalyadan verilən görüntülər yalnız bir sammit görüşünün kadrları deyil. Həmin anlarda ortaq tarix, dövlətlərarası müttəfiqlik və xalqlar arasındakı qardaşlıq birlikdə əks olundu. “Bir millət, iki dövlət” prinsipi ortaq iradə, güclü təşkilatlanma və ortaq gələcək anlayışı ilə daha da möhkəmlənir. Birliyimiz gücümüz, qardaşlığımız isə ən möhkəm körpümüzdür”, – deyə Yücel Karauz əlavə edib.