Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımıza yaşatdığınız böyük tarixi Qələbənin yaratdığı qürur və iftixar hisslərini bölüşürəm.
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm hadisələrindən biri, milli iradəmizin, sarsılmaz birliyimizin və müstəqil siyasətimizin təntənəsi oldu. Sizin qətiyyətli siyasi iradəniz, uzaqgörən strategiyanız və Ali Baş Komandan kimi rəhbərliyinizlə Azərbaycan Ordusu uzun illər işğal altında qalan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi.
Bu Qələbə yalnız döyüş meydanında əldə edilən hərbi uğur deyil, həm də güclü dövlət və müasir ordu quruculuğunun, iqtisadi qüdrətin, milli həmrəyliyin və məqsədyönlü diplomatiyanın məntiqi nəticəsi idi. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və əsgərlərimizin misilsiz şücaəti Zəfər tariximizin əbədi qəhrəmanlıq salnaməsinə çevrildi.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyimizin tam bərpa olunması isə bu tarixi missiyanın məntiqi tamamlanması oldu. Xankəndidə üçrəngli bayrağımızın dalğalanması milli dövlətçiliyimizin gücünü və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi.
Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramı və yeni inkişaf layihələri Zəfərimizin gələcəyə hesablanmış nəticələridir. Azərbaycan artıq yalnız torpaqlarını azad etmiş dövlət deyil, həm də regionda yeni reallıqlar yaradan sülh və əməkdaslıq gündəliyim irəli aparan qüdrətli ölkədir.
Cənab Prezident,
Sizin rəhbərliyinizlə qazanılmış tarixi Zəfərin nailiyyətlərini qorumaq, dövlətimizin müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək, güclü Azərbaycanı gələcək nəsillərə ərməğan etmək ümummilli vəzifəmizdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi naminə ali fəaliyyətinizdə yeni uğurlar arzulayıram. 8 Noyabr - Zəfər Gününüz mübarək olsun, möhtərəm cənab Prezident!
Dərin hörmət və ehtiramla,
Adil Axundov,
Azərbaycan Respublikası, Göygöl rayonu