“Azəri–Çıraq–Dərinsulu Günəşli” (AÇG) yatağında hasilatın illik azalma tempi 2023-cü ildəki təxminən 12 faizdən hazırda 3 faizə endirilib.
Bp-nin məlumatına istinadən, bu nəticə SOCAR-la birgə həyata keçirilən tədbirlər, qazma işlərinin genişləndirilməsi və yeni texnologiyaların tətbiqi hesabına əldə olunub.
Bildirilib ki, yetkin işlənmə mərhələsinə keçən yataqda əsas məqsəd hasilatın təbii azalma tempini idarə etmək və mövcud ehtiyatlardan maksimum neftverməyə nail olmaqdır.
Hazırda AÇG-də yeddi qazma qurğusu fasiləsiz fəaliyyət göstərir. 2026-cı ilin ilk üç rübündə 17 quyu qazılaraq tamamlanıb. Bunlardan 12-si neft hasilatı, üçü suvurucu, ikisi isə qazvurucu quyudur. Ötən ilin eyni dövründə 11 quyu tamamlanıb. Beləliklə, göstərici təxminən 55 faiz artıb.
Bu il Dərinsulu Günəşli ərazisində yeddi sualtı quyuda müdaxilə əməliyyatları platformadan deyil, “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə həyata keçirilib. İşlərdə bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə quyuya dikborusuz yüngül müdaxilə texnologiyasından istifadə olunub. Bu yanaşma platformadakı qazma qurğusunun daha çox qazma işlərinə yönəldilməsinə imkan yaradıb.
Dərinsulu Günəşli, Mərkəzi Azəri və Qərbi Çıraq ərazilərində daha 10 quyuda hasilatı yaxşılaşdırmağa yönəlmiş stimulasiya əməliyyatları da xüsusi təchiz edilmiş gəmidən aparılıb.
Mərkəzi Azəri platformasında həyata keçirilən qaz genişləndirilməsi layihəsi nəticəsində isə qazın yenidən laylara vurulması gücü 20 faiz artırılıb.
Məlumata görə, 2026-cı ildə AÇG-də ilk dəfə çoxlüləli quyu texnologiyası tətbiq edilib. Qərbi Azəri platformasından qazılan C44 quyusu Xəzərdə bu texnologiya ilə qazılmış ilk quyu olub. Bu il nəzərdə tutulan üç belə quyudan ikisi – C44 və D41 artıq istismara verilib. 2027–2028-ci illərdə bu istiqamətdə qazma işlərinin genişləndirilməsi planlaşdırılır.
Yataqda ehtiyatların yerini daha dəqiq müəyyənləşdirmək üçün 2024–2028-ci illəri əhatə edən 4D seysmik tədqiqat proqramı da həyata keçirilir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon dollar olacağı nəzərdə tutulur.
Qeyd edək ki, indiyədək AÇG yatağının işlənməsinə təxminən 47 milyard dollar investisiya qoyulub, yataqdan 4,7 milyard barelə yaxın neft hasil edilib. Azərbaycan dövlətinə isə ümumilikdə 63 milyard kubmetrdən çox səmt qazı təhvil verilib.