ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla bağlı danışıqlar prosesində iştirakını dayandırıb. O, Vensə ABŞ-ın demokratların idarə etdiyi ştat və şəhərlərindəki korrupsiya və cinayətkarlıq iddialarına diqqət yetirməyi tapşırıb.
Bu barədə noyabrın 12-də “Politico” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, belə qənaət Trampın “Truth Social” sosial şəbəkəsindəki paylaşımından sonra yaranıb. ABŞ prezidenti bir gün əvvəl Vaşinqtonun Tehranla yeni razılaşma əldə etməsinə artıq ehtiyac olmadığını bildirib. Onun fikrincə, ABŞ-ın İrana təzyiq göstərmək üçün kifayət qədər imkanları var.
Tramp daha sonra Vensə verdiyi yeni tapşırığı açıqlayıb:
“Vitse-prezident Vensdən diqqətini tamamilə ABŞ ərazisində demokratların idarə etdiyi şəhər və ştatlarda baş verən genişmiqyaslı korrupsiya və cinayətkarlığa yönəltməsini xahiş etdim”.
Beləliklə, Vens diplomatik təmaslarda iştirak etmək əvəzinə, Minnesota, Kaliforniya, İllinoys və Demokratlar Partiyasının nümayəndələrinin idarə etdiyi digər bölgələrdəki ehtimal olunan qanun pozuntuları ilə məşğul olacaq.
Trampın bu qərarı Vensin İranla uzanan münaqişəni respublikaçıların aralıq seçkilərdəki məğlubiyyəti ilə əlaqələndirməsindən sonra verilib.
Ötən həftə vitse-prezident bəyan etmişdi ki, İranla müharibə partiyasının Konqresin hər iki palatasında çoxluğu itirməsinin səbəblərindən biri olub. Trampın özü də daha əvvəl oxşar fikir səsləndirmişdi.
Qeyd edək ki, vitse-prezident bundan əvvəl Vaşinqtonla Tehran arasında danışıqlarda mühüm rol oynayıb.
Aprel ayında o, münaqişəyə son qoyulması ilə bağlı razılığa gəlmək məqsədilə Pakistanın ev sahibliyi etdiyi görüşdə ABŞ nümayəndə heyətinə rəhbərlik edib. Lakin həmin danışıqlarda tərəflər razılığa gələ bilməyiblər.