Deputat aqrar sahədə gəlirlərə dair vergi güzəştinin müddətinin uzadılmasını təklif edib

Azərbaycanda gübrələrin, texniki xidmətlərin, yanacağın bahalaşdığı dövrdə gələn ildən aqrar sektorda 90 %-lik vergi güzəştinin tətbiqi fermerlər üçün çətinlik yarada bilər.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Xatırladaq ki, Vergi məcəlləsinə edilən dəyişikliklər layihəsində Azərbaycanda 2027-ci ildən kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlir və mənfəət üzrə 100 %-lik vergi azadolmasının 2032-ci il yanvarın 1-dək 90 %-lik güzəştlə əvəz edilməsi təklif olunur. Beləliklə, gəlirin və ya mənfəətin yalnız 10 %-i vergiyə cəlb ediləcək.

T. Rzayev, fermerlərin gəlirinin 10 %-nin vergiyə cəlb edilməsinin vaxtının uzadılmasını təklif edib.

Layihədə kənd təsərrüfatı sahəsində mövcud olan bir sıra vergi güzəştlərinin müddətinin uzadılması da nəzərdə tutulur. Bu çərçivədə ƏDV-dən tam azadolmanın, ƏDV-nin ticarət əlavəsindən hesablanması mexanizminin, əmlak vergisi və sadələşdirilmiş vergi azadolmasının 2027-ci il yanvarın 1-dən 5 il müddətinə uzadılması təklif edilir. Eyni zamanda, dövlət büdcəsindən verilən subsidiyaların gəlir (mənfəət) vergisindən azad edilməsinin müddətinin də 5 il uzadılması nəzərdə tutulur.

Dəyişikliklərdə vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının alış aktı ilə alışı zamanı yeni vergitutma mexanizminin tətbiqi təklif edilir. Bu mexanizmə görə, satıcı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olduqda əməliyyat vergidən azad ediləcək. Satıcı EKTİS-də qeydiyyatda olmadıqda isə ödəmə mənbəyində 2 % dərəcə ilə vergi tutulacaq.

Layihədə kökəltmə məqsədilə heyvanların idxalının 2027-ci ildən 3 il müddətinə ƏDV-dən azad edilməsi də nəzərdə tutulur. İstehsalçıların gəlir və mənfəət vergisi (subsidiya gəlirləri istisna olmaqla), sadələşdirilmiş vergi üzrə güzəştləri, eləcə də heyvandarlıq sahəsində güzəştlər yalnız vergi ödəyicilərinin EKTİS platformasında qeydiyyatda olduğu və həmin gəlirləri vergi bəyannaməsində bəyan etdiyi halda tətbiq olunacaq.