“Azərbaycan-Britaniya münasibətləri daha yüksək səviyyəyə qalxır” - Asim Mollazadə

"Azərbaycan-Britaniya strateji tərəfdaşlıq sənədinin Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanmasının çox böyük əhəmiyyəti var. Azərbaycan uzun illərdir ki, Britaniya ilə çoxşaxəli əməkdaşlıq edir. Lakin bu sazişin imzalanmasından sonra münasibətlərimiz daha yüksək səviyyəyə qalxır".

Bunu açıqlamasında Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bildirdi. O əlavə etdi ki, bizim əməkdaşlığımız çoxşaxəli xarakter daşıyır:

"Regionda sabitliyin qorunması, kommunikasiyaların inkişafı, enerji layihələrinin birgə işlənilməsi və bununla yanaşı, bölgədə sabitliyin təmin olunması istiqamətində əməkdaşlığımız çox böyük potensiala malikdir. Eyni zamanda, Azərbaycan-Britaniya əməkdaşlığı humanitar sahəni də əhatə edəcək. Hazırda azərbaycanlı tələbələr Britaniya universitetlərində təhsil alırlar. Bununla yanaşı, Azərbaycanda təhsil sisteminin inkişafında Britaniya təcrübəsindən istifadə oluna bilər. Mədəniyyət sahəsində də bu əməkdaşlığın böyük potensialı var. Ona görə də imzalanan sənədi çox yüksək qiymətləndiririk və əminik ki, yeni mərhələdə qurulacaq yüksək səviyyəli əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğundur".