Kənd təsərrüfatı məhsullarına 10 faizlik vergi tətbiqinin vaxtının uzadılması yaxşı olar. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, aqrar sahədə gübrə, yanacaq və texniki xidmət xərclərinin artması fonunda yeni vergi yükünün fermerlər üçün çətinlik yarada bilər.
Deputat bildirib ki, kənd təsərrüfatı məhsullarına vergi tətbiqi fermerlərin və aqrar sektorun inkişafına mənfi təsir göstərə bilər.
“Bəli, burada səsləndirildi, bizim deputat həmkarlarımız da səsləndirirlər ki, kənd təsərrüfatı məhsullarına 10 faizlik vergi ödənişləri tətbiq olunacaq. Mən elə bilirəm ki, bu, fermerlərin inkişafı üçün, kənd təsərrüfatının inkişafı üçün müəyyən çətinliklər yarada bilər. Çünki artıq gübrələr bahalaşıb, texniki xidmətlər bahalaşıb, yanacaq qiymətləri bahalaşıb. Belə bir vaxtda verginin tətbiq olunması gələcək üçün çətinliklər yarada bilər”, – o qeyd edib.
Rzayev verginin tətbiqi müddətinin uzadılmasını təklif edib.
“Bunun vaxtının uzadılmasını mən bir vətəndaş kimi, bir deputat kimi təklif edərdim. Çox sağ olsun ölkə rəhbəri, müvafiq orqanlar ki, uzun müddətdir kənd təsərrüfatına bu vergilər tətbiq olunmayıb və sahibkarlar müəyyən qədər ərsəyə gəliblər. Bundan sonra da elə bilirəm ki, bu məsələyə önəm verilsə, daha yaxşı olar”, - deputat bildirib.