Bakı, 12 noyabr, AZƏRTAC Bakı Dövlət Universitetində (BDU) görkəmli fizik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, universitetin professoru Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş “Qabaqcıl funksional materiallar və yeni nəsil nanotexnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir. AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində əvvəlcə yubilyarın həyat və elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Əmirulla Məmmədovun Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən, zəngin elmi-pedaqoji fəaliyyətindən və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərindən danışıb. Rektor vurğulayıb ki, Əmirulla Məmmədovun çoxillik elmi fəaliyyəti, fundamental tədqiqatları və qazandığı nailiyyətlər Azərbaycan fizika elminin inkişafında mühüm yer tutur. Onun elmi irsi, yetişdirdiyi alimlər və tələbələrə aşıladığı tədqiqatçılıq ənənələri gələcək nəsillər üçün dəyərli örnəkdir. Elçin Babayev qeyd edib ki, müasir dövrdə qabaqcıl funksional materiallar və yeni nəsil nanotexnologiyalar elmin və texnologiyanın inkişafında xüsusi əhəmiyyət daşıyan istiqamətlərdəndir. Bu sahədə fundamental tədqiqatların genişləndirilməsi, elmi nəticələrin praktik tətbiqi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə beynəlxalq konfranslar alimlərin təcrübə mübadiləsi aparması, yeni elmi yanaşmaların müzakirəsi və aktual tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platformadır. Konfransda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova, AMEA-nın həqiqi üzvü Cavad Abdinov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və digər qonaqlar çıxış ediblər. Beynəlxalq konfrans çərçivəsində qabaqcıl funksional materiallar və yeni nəsil nanotexnologiyalar sahəsində aktual elmi məsələlərin, müasir tədqiqat nəticələrinin və gələcək inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Müxbir-Tünzalə Arazlı Fotoqraf-Orxan Kərimov