Xəzər dənizinin sahilboyu ərazilərində torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, eləcə də müraciətlərin qəbulu prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur. Bunun üçün müvafiq qanunvericiliyə yeni normaların daxil edilməsi və elektron müraciət sisteminin yaradılması təklif olunur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev cümə axşamı Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, sahilboyu ərazilərdə torpaq sahələrinin idarə olunması və istifadəyə verilməsi mexanizminin müəyyənləşdirilməsi üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilməlidir. Bu ərazilərdə torpaqların hansı hüquqi əsaslarla istifadəyə veriləcəyi – istifadə hüququ, icarə hüququ və ya mülkiyyət hüququ əsasında – dəqiq müəyyənləşdirilməlidir.
İ.Həbiyev qeyd edib ki, sahilboyu ərazilərdə torpaq sahələrinin mülkiyyət hüququ ilə verilməsi məhdud xarakter daşıyır və bu məsələyə xüsusi yanaşılmalıdır.
“Mülkiyyət hüququ, təbii ki, çox nadir bir haldır. Bu sahədə mülkiyyət hüququ bu gün də qanunvericilikdə geniş şəkildə nəzərdə tutulmur. Bununla belə, bəzi dövrlərdə, xüsusilə 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində qanunvericilik əsasında torpaq və müəyyən əmlak əldə etmiş şəxslər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən biznes obyektləri var. Bu məsələlər irəli sürüləcək təkliflər çərçivəsində nəzərdən keçiriləcək", – o bildirib.
Şöbə müdiri vurğulayıb ki, torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi qaydaları müəyyənləşdirildikdən sonra müraciətlərin vahid elektron platforma üzərindən qəbul edilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, yaradılacaq rəqəmsal sistem vasitəsilə vətəndaşlar əraziyə fiziki olaraq getmədən coğrafi informasiya sistemi üzərindən istədikləri torpaq sahəsini seçərək müraciət edə biləcəklər.
“Məsələn, orada kiçik kafe açmaq və ya müvəqqəti, mövsümi obyekt yerləşdirmək üçün torpaq sahəsi əldə etməyin qaydaları müəyyən olunandan sonra bir pəncərə prinsipi ilə istənilən vətəndaş, istənilən fiziki şəxs coğrafi sistemimiz üzərindən yer seçərək müraciət etmək hüququna malik olacaq”, – İ.Həbiyev deyib.
O bildirib ki, bu proses kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi zamanı tətbiq olunan elektron xidmətlərə bənzər mexanizm əsasında təşkil edilə bilər. Müraciətlər rəqəmsal platforma üzərindən qəbul ediləcək, zəruri torpaq quruluşu işləri aparılacaq, aidiyyəti dövlət qurumları ilə razılaşdırmalar həyata keçiriləcək və tələb olunan rəylər alınacaq.
İ.Həbiyev əlavə edib ki, torpaq sahəsinin təyinatı və planlaşdırılan fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq əlavə sənədlər və rəylər də tələb oluna bilər. Məsələn, çimərlik fəaliyyəti ilə bağlı müraciətlər zamanı səhiyyə və fövqəladə hallar üzrə aidiyyəti qurumların rəylərinin alınması zərurəti yarana bilər.
“Rəylər alındıqdan sonra müvafiq qərar qəbul olunacaq və icarə müqaviləsi bağlanacaq. Belə bir sadə mexanizm nəzərdə tutulur. Əsas məsələ isə bu qaydaların qanunvericilikdə təsbit edilməsidir”, – o vurğulayıb.