"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı "İstehlakçıların əsas hüquqları və onların müdafiəsi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, 1995-cü ildə qəbul olunmuş qanuna indiyədək müəyyən dəyişikliklər edilib: "Yaxın gələcəkdə qanuna əsaslı dəyişikliklərin aparılması nəzərdə tutulur. Sözügedən məsələ ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılır".
Qeyd edək ki, Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 19 sentyabr 1995-ci ildə qəbul edilib. Qanun Azərbaycan ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir.
Qanuna son dəyişiklik isə 16 dekabr 2025-ci ildə edilib və 29 dekabr 2025-ci ildə dərc olunub.