Hindistanın şərqində yerləşən Odişa ştatında tropik “Akvan” fırtınasının yaxınlaşması ilə əlaqədar 80 mindən çox insan təxliyə edilib. Fırtınanın cümə günü günorta saatlarında ölkənin şərq sahillərinə çatacağı gözlənilir.
Bu barədə “The Hindu” qəzeti Odişa ştatının administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.
Ümumilikdə, ştat hakimiyyəti siklonla əlaqədar təxminən 200 min insanı təhlükəsiz ərazilərə köçürməyi planlaşdırır. Odişada 60-ı təbii fəlakətlərə operativ müdaxilə qüvvələrinin bölmələri olmaqla, 74 xilasetmə qrupu fəaliyyət göstərir. Siklon təhlükəsi ilə əlaqədar ştatın altı rayonunda məktəblərdə dərslər noyabrın 21-dək dayandırılıb.
Benqal körfəzi sahilində yerləşən digər ştatda – Andhra-Pradeşdə də “Akvan” tropik fırtınası ilə əlaqədar yüksək hazırlıq rejimi elan edilib.
Hindistan Meteorologiya Departamentinin məlumatına görə, fırtınanın yaxınlaşması ilə küləyin sürəti saatda 110 kilometrə çata bilər. Meteoroloqlar güclü yağışlar, bəzi ərazilərdə isə həddindən artıq intensiv yağıntılar barədə xəbərdarlıq edirlər.