bp məmnuniyyətlə elan edir ki, Azərbaycanda oxu mədəniyyətinin təşviqinə və mütaliə imkanlarının artırılmasına yönəlmiş bir sosial sərmayə layihəsini uğurla başa çatdırıb.
Layihə çərçivəsində “Yoldaş” innovativ rəqəmsal mütaliə platforması yaradılıb. Platforma insanlara yolda olarkən və ya gözləmə müddətində qısa hekayə və məqalələri rahat və ödənişsiz şəkildə oxumağa imkan verir və gün ərzindəki boş vaxtları mütaliə fürsətinə çevirir.
Platformaya mobil tətbiq yükləməyə və ya qeydiyyatdan keçməyə ehtiyac olmadan xüsusi hazırlanmış QR kodlar vasitəsilə birbaşa daxil olmaq mümkündür. Kodu oxutduqdan sonra istifadəçilər mütaliə üçün ayırmaq istədikləri vaxtı qeyd edib həmin müddət ərzində oxuya biləcəkləri qısa məzmunlu materiallar arasından seçim edə bilərlər.
Yeni istifadəyə verilmiş platformada hazırda Azərbaycan ədəbiyyatı nümunələri və Azərbaycan dilinə tərcümə edilmiş xarici müəlliflərin əsərləri də daxil olmaqla təxminən 200 qısa hekayə və məqalə yer alır. Platforma eyni vaxtda çox sayda istifadəçiyə xidmət göstərmək üçün tam sınaqdan keçirilib.
Platformanın ilkin mərhələdə Bakı Metropolitenində, gələcəkdə isə ölkə ərazisində avtobus, taksi və qatarlarda, eləcə də klinikalarda, banklarda, xidmət mərkəzlərində və insanların sıx toplaşdığı digər ictimai məkanlarda istifadəyə verilməsi nəzərdə tutulur.
bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanın zəngin ədəbi irsi və dərin mütaliə ənənələri var. Bu layihə də gündəlik həyatımızda ədəbiyyatı hər kəs üçün daha əlçatan etməklə həmin ənənəni yaşatmağa və davam etdirməyə töhfə verir.
“Gün ərzində hamımızın yolda olarkən, yaxud nəyisə gözləyərkən bir neçə dəqiqə boş vaxtımızın olduğu məqamlar olur. “Yoldaş” platforması da məhz bu anları mütaliəyə ayırmağa imkan yaradır. Ümid edirik ki, bu platforma daha çox insanı, xüsusilə də gəncləri yeni müəlliflər və əsərlərlə tanış olmağa təşviq edəcək və onların ədəbiyyata marağını daha da gücləndirəcək.”
Layihənin ümumi dəyəri rəqəmsal platformanın hazırlanması, məzmunun seçilməsi, redaktə və korrektə işləri, eləcə də xarici əsərlərin tərcüməsi daxil olmaqla 86350 AZN (50794 ABŞ dolları) təşkil edir.
Layihə “Parlaq İmzalar” nəşriyyatı tərəfindən icra olunub.